Əli və Nino İçərişəhərə qayıtdı... 100 il sonra

Mayın 7-si saat 12-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində, Qız Qalasının lap qonşuluğunda «Əli və Nino» mağazalar şəbəkəsinin növbəti-üçüncü Kitab Evi açıldı.

Asəf Zeynallı -63 ünvanında yerləşən XVII əsr abidəsi sayılan Məktəb-Məscid bərpadan sonra Kitab Evi kimi fəaliyyət göstərəcək. Şıdırğı yağışa baxmayaraq Qız Qalasının qarşısındakı meydançaya toplaşanlar yeni Kitab Evinin açılışını böyük sevinclə qarşıladılar. AzadlıqRadiosu mərasim iştirakçılarından üçünə iki sual ünvanladı.

--Sizcə, Bakıda kitab dükanlarının yoxa çıxmasından sonra İçərişəhərdə yeni kitab evinin açılışına sevinmək bizim haqqımız deyilmi?

Nigar Köçərli – «Əli və Nino» mağazalar şəbəkəsinin direktoru:

GÜRCÜSTANDA 75, AZƏRBAYCANDA 10 KİTAB MAĞAZASI VAR...

- Elə mən də sevindim ki, biz burada - İçərişəhərdə kitab dükanımızı açdıq. Qoruğun rəhbərliyinə bu şəraitə görə təşəkkürümü bildirirəm. İçərişəhər Bakının ürəyidir. Həm də mədəniyyət, mənəviyyat ocağıdır. Belə ocaqda kitab evinin olması çox gözəl bir şeydir.
Nigar Köçərli
Düzdür, məkan dardır. Əlbəttə, istərdim ki, üç-dörd mərtəbəli kitab evim olsun. Amma Azərbaycanda-- 10 milyonluq ölkədə cəmi 10 kitab dükanı var...
Bunların hamısı da Bakıdadır. Bakıdan o yana bir kitab dükanı tapa bilməzsən. Ola bilsin ki, şöbələr, köşklər var, amma kitab dükanı yoxdur. Bu, biabırçılıqdır. Qonşu Gürcüstanda dörd milyon yarım əhalinin 75 kitab dükanı var. Ona görə də çox istərdim ki, regionlarda Kitab Evləri açılsın".

MİNGƏÇEVİRDƏ BİR KİTAB DÜKANI DA YOXDUR...

Elxan Rzayev - Bakı Kitab Evinin direktoru:

"Bu Kitab Evinin açılışına çox şad oldum. Ümumiyyətlə, mən ölkədə kitabla bağlı müsbətə doğru olan bütün irəliləyişlərə çox sevinirəm.

Nigar xanımgil gözəl bir iş başlayıblar və davam etdirirlər. Hesab edirəm ki, bu açılışları ölkənin rayonlarına da daşımaq lazımdır. Mən vəziyyəti bilirəm. Ölkədə kitab mağazası olmayan yerlər var.

Məsələn, Mingəçevirdə bir kitab mağazası belə yoxdur. Halbuki böyük şəhərdir və ölkənin mədəniyyət mərkəzlərindən biri olmalıdır.

İstərdim ki, belə kitab evləri bölgələrdə açılsın və biz də əlimizdən gələn köməyi etməyə
Mir Teymur
hazırıq".

MƏNCƏ, SATIŞ YAXŞI OLACAQ!

Mir Teymur: "İçərişəhərli rəssam:

- Çox şadam. İçərişəhərdə kitab dükanı elə də çox deyil.

Dostumuz Elmanın kitab mağazasıdır, Miniatür Kitab Mərkəzidir, bir də bu.

Belə kitab evlərinin olmasına sevinmək lazımdır. Çünki bilik kitabdadır.

Gəlib-gedənlər görməlidirlər ki, burada tarixi abidələrdən, misdən, bürüncdən başqa yaxşı kitab mağazaları da var. Məncə, belə bir məkanda satış da yaxşı olacaq".

QOY BU FİKİR MƏNİM OLSUN...

--Kitab evinin açılışını 100 ildən sonra Əli və Ninonun Bakıya qayıdışı saymaq olarmı?

N.K.—Çox gözəl fikirdir. Əvvəlcə desəydiniz mərasimdəki çıxışımda istifadə edərdim (Gülüşmə).

--Bir halda ki, xoşunuza gəldi, onda təkcə radioda yox, saytımızda da yazaram...

N.K. — Onda xahiş edərdim ki, mənim fikrim kimi söyləyin. (Gülüşmə).

Həqiqətən də bu 100 ildən sonra Əli ilə Ninonun İçərişəhərə qayıdışıdır.

Onlar İçərişəhərdə bir-birini seviblər, burada görüşüblər. Əlinin evi İçərişəhərdəydi, Ninonunku yox.

Nino lap yaxında Nikolayevskidə -- indiki İstiqlaliyyət küçəsində yaşayırdı.

Hətta Betti Bleyerlə Fuad Axundovun vaxtilə bir İçərişəhər turu var idi. Əlinin evini də tapmışdılar. Dediyim odur ki, bunu doğrudan da qayıdış saymaq olar...

«ƏLİ VƏ NİNO» «ƏSRİMİZİN SƏYAVUŞU»NA TAY ƏSƏRDİR

E.R.—Bilirsinizmi, bir halda ki, fürsət düşdü, mən «Əli və Nino» haqqında bir söz demək istəyirəm. Bu romanı mən Məhəmməd Əmin Rəsulzadənin «Əsrimizin Səyavuşu» əsəri ilə bərabər tutardım. Hesab edirəm ki, bu adi sevgi hekayəsi deyil. Əli xan Şirvanşir Azərbaycandır, onun simvoludur. Azərbaycanın o zaman iki yol ayrıcında olmasını göstərən bir əsərdir. Açığı, mən Qurban Səidin belə bir kitab yazmasına inanmıram... Bu, onun deyil. Fikrimcə, bu əsər hadisələrin içərisində böyümüş, ölkənin rəmzi olan insanlardan birinin qələmindən çıxıb. Əlbəttə, bu gün Əli və Nino İçərişəhərə qayıdıb.
Amma istərdim ki, Azərbaycanın bölgələrinə də getsin, Əlinin şəhid olduğu Gəncəyə də baş çəksin və bizi tərəqqiyə
«Kitab Evinin turistlərin sıx dolaşdığı bir ərazidə olması ən böyük təbliğatdır»
çatdırsın.

BU, ƏN BÖYÜK TƏBLİĞATDIR

M.T.— Hər şey qayıdır. Biz axı spiralvarı yaşayırıq.

Hər şey təkrarlanır, amma təzə formatda... Odur ki, Əli və Ninonun Bakıya--İçərişəhərə qayıdışı çox təbiidir. Bir də əlavə edim ki, «Əli və Nino»nun bütün dünyada məşhurluğu bizim xeyrimizədir. Biz nə qədər Bakını, Azərbaycanı təbliğ etsək, o qədər yaxşıdır. Vaxtilə--90-cı illərdə biz bu təbliğatla məşğul olmamışıq. Bəziləri güman edirdi ki, biz vəhşiyik, başkəsənik. Bu obrazı Qərbə yeritmişdilər. Düşmən təbliğat vasitəsilə bizi bu obrazda təqdim etmişdi. Təbliğat böyük silahdır. Burada savaş gedir. Düzdür, güllə səsi eşitmirik, mina partlayışı yoxdur, amma ölüm də olur. Kiminsə ürəyi tutur, dözmür, partlayır... Odur ki, dünyanın ən sevilən roman qəhrəmanlarının adını daşıyan bu Kitab Evinin turistlərin sıx dolaşdığı bir ərazidə olması ən böyük təbliğatdır.