Ermənistanın baş naziri AzadlıqRadiosunda olub

Ermənistanın baş naziri Tigran Sargsyan Yerevanda AzadliqRadiosunun erməni xidmətinin ofisində, 7 may 2011

«Azadlıq Radiosu problemlərimizi, buraxılmış imkanları göstərərək əsasən tənqidi çıxışlar edir. Bu baxımdan tənqidlər nə qədər obyektiv olsa, ölkəmiz də o qədər güclü olacaq».

Bunu Ermənistanın baş naziri Tigran Sargsyan şənbə günü AzadlıqRadiosunun erməni xidmətinin Yerevan bürosuna baş çəkərkən deyib. Radionun erməni xidməti xəbər verir ki, Azadlıq Radiosunun əməkdaşlarını peşə bayramı və bu ay radiostansiyanın rəsmən yayımının 60 illiyinin tamam olması münasibətilə təbrik edən baş nazir deyib:

«Bu illər ərzində həm hakimiyyətin, həm də radiostansiyanın davranış tərzi dəyişməz olaraq qalır. Başqa sözlə desək, siz dünyanın bu gün önəm verdiyi dəyərləri- xüsusilə demokratiya, söz azadlığı, demokratyik ənənələri, dəyərləri təbliğ etməklə öz müssiyanızı davam etdirir və bu sahədə Ermənistanda mövcud olan problemləri üzə çıxartmağa çalışırsınız. Hakimiyyət isə bu tənqidə reaksiya verməyə çalışır. Bu baxımdan belə dialoq təbii ki, ölkə üçün çox xeyirlidir».

Tigran Sargsyan AzadlıqRadiosunun Ermənistanın həyatının ayrılmaz hissəsinə çevrildiyini bildirib.

«AzadlıqRadiosu bizim həyatımızın ayrılmaz hissəsidir. Əgər AzadlıqRadiosu olmasaydı yəqin ki, onun yerini Ermənistanda hansısa bir müxalifət radiosu tutardı. Amma beynəlxalq təcrübədən də biz bilirik ki, AzadliqRadiosu yalnız tənqidə səbəb az olan cəmiyyətlərdə öz mövqeyini başqalarına uduzur. Belə olan halda o dinləyicilərini itirir və ABŞ Hökuməti maliyyəni dayandırır. Mən arzu edirəm ki, AzadliqRadiosu Ermənistanda da eyni aqibətlə üzləşsin. Tənqid üçün səbəblər azalsın».