Qahirə dini toqquşmaların qarşısını sərt üsuallarla alacağını bildirir

Qahirədə yandırılan kilsə, 8 may 2011

Misirin Ədliyyə Nazirliyi xəbərdarlıq edib ki, dini zəmində istənilən zorakılığa yol verənlər ən sərt şəkildə cəzalandırılacaqlar. Hökumət dini zəmində istənilən zorakılığa və ibadət yerlərinə hücumlara görə ən ağır cəzalar, hətta ölüm hokum tətbiq etməyi nəzərdə tutur.

Şənbə günü Qahirədə müsəlmanlarla xristianlar arasında toqquşmada azı 12 nəfər həlak olub, 180 nəfər yaralanmışdı. Rəsmilər bildiriblər ki, olaylarla bağlı 190 nəfər həbs olunub və hərbi tribunalda mühakimə ediləcəklər.

Məlumata görə, toqquşmalar radikal sələfilərin kilsələrdən birinə yürüşündən sonra baş verib. Həmin kilsədə yenicə islamı qəbul edən bir qadının girov kimi saxlandığı iddia olunurdu.

Bu ilin əvvəlində Misirin prezidenti Hüsnü Mübarək işsizlik, korrupsiuyaya etiraz və demokratik islahatlar tələbilə keçirilən mitinqlərlə hakimiyyətdən uzaqlaşdırılıb. Yeni seçkilərə qədər ölkəni hərbi rəhbərlik idarə edir.