Hökumət minarələrdəki səsgücləndiriciləri yoxlamağa başlayır
Dubay hökuməti azan səsinin yüksəklik həddini yoxlamağa başlayacaq.
Birləşmiş Ərəb Əmirliklərinin The National adlı internet saytı yazır ki, son vaxtlar yerli əhali arasındakı xarici ölkə vətəndaşları tərəfindən azan səsinin həddən artıq səs-küy yaratması haqda gələn şikayətlərin sayı artıb. Odur ki, hökumət nümayəndələri minarələrdəki səsgücləndiricilərin normalara uyğun olub-olmadığını yoxlayacaq.
Yoxlamanı Dubayın İslam və xeyriyyəçilik üzrə idarəsi keçirəcək. Şəhərin bütün məscidləri bu qurumun nəzarətindədir.
Dubayın baş müftisi Muhammed Al-Kobays deyib ki, məscidlərin qonşuluğunda yaşayan və yüksək azan səsindən narahat olan insanlar birbaşa idarəyə müraciət etməlidirlər: “Azan namaz vaxtının başlandığını xəbərdar etməlidir, insanlara narahatlıq yaratmamalıdır”.
“Azan səsi müsəlmana onun ən vacib əməli – namaza çağırış oldğuna görə, səsi kifayət qədər yüksək olmalıdır”-deyə, baş müfti bildirib.
Dubayda AL-Vahab məscidinin yanında yaşayan 54 yaşlı İran vətəndaşı Ansiya Alinnaseri şikayətlənir ki, səhər 4.30-da səslənə yüksək azan sənin onun 3 nəvəsinin yatmasına mane olur: Onlar hər səhər ağlaya-ağlaya yuxudan dururlar”.
5 il əvvəl Dubaya işləməyə gələn rus Alla Burlyayeva isə hesab edir ki, hər şeyə öyrəşmək mümkündür. “Yeri gəlsə, biz Moskvada tramvayın da səsinə o qədər alışmışdıq ki, heç onu eşitmirdik”. Alla Burlyayeva məscidin 100 metrliyində yaşayır. “Bu, yaşadığımız ölkənin mədəniyyətinin bir hissəsidir və bundan hiddətlənmək yersizdir”-deyə, Burlyayeva bildirib.
Al-Vahab məscidinin axundu isə şəhər sakinlərini bir qədər tolerant olmağa çağırıb: “Biz də Midousda yaşayan avropalıların hər səhər itlərini gəzintiyə çıxarmasını bəyənmirik, çünki bu heyvan İslamda təmiz hesab olunmur. Amma biz onların bu hüququna qarşı çıxmırıq, narazılığımızı bildirmirik. Biz də hansısa ölkəyə gedəndə, oranın qayda-qanunlarına riayət edirik”-deyə, din xadimi fikrini tamamlayıb.