Mirmehdi Ağaoğlunun onluğa düşməyən hekayəsi

Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin istəyilə onu "Oxu zalı"nda dərc edirik.


Mirmehdi Ağaoğlu


PULAN

Gürşad yelkəni taqqıldatmağa başlayanda Qəzənfər çölə çıxıb qaralan buludlara baxdı. Göy üzünü sanki palçıqla suvamışdılar, qapqaranlıq idi.

Elə yaxşı oldu, yağış da yağdı. Suyun içində itib batmağımızı gözləri ilə görərlər.

Yağış doğurdan da qəfildən yağmağa başladı. Səhərki havaya baxanda deməzdin bu gün yağış yağacaq.

Çadırın üstünə düşən iri yağış damlaları gur səs çıxardır, yelkənin qatlaqlarından süzülərək həyətə tökülürdü. Səsdən çadırda oturmaq olmurdu.

Çadırdan dammırdı. Qəzənfər bir az həyətin bir tərəfinə düzdüyü mebellər, evin müxəlləfatı üçün narahat olsa da, onların üstünü, yanını yaxşı basdırmışdı.

Mebelləri gündən yanıb bozarmamaları üçün yelkənləyəndə şuppur-şuppur tər tökmüşdü.

Mebelləri, evin müxəlləfatını arvadının təkidi ilə basdırmışdı.

Ona qalsaydı bunların üstünü örtməzdi. Qoy elə həyət-bacadaca dağınıq vəziyyətdə qalsınlar. Bu mənzərə komissiyanı bir qədər yumşaldar.

Təzə mebel də verərlər. Qəzənfərgil də təzə mebeli satıb pulunu cibinə qoyar, yenə də köhnə mebeli işlədərlər.

Onun planı bu cür olsa da bina dövrdən ona qarşı olmuş arvadı bu dəfə də yolundan döndərməyə çalışmışdı.

Birinci daşı uçurmağa başlayandan əlinin üstünə nəhs gətirmişdi. Qəzənfər sökdükcə dağıntının səslərinə qarğış nəvası da qarışırdı.

Arvadının qarğışlarının nəticəsi idi ki, əvvəl əli lomun altında qalıb dırnağını göyərtdi. İkinci dəfə də barının üstündən yıxılıb belini sıyırdı. Bir dəfə isə tavanın tiri az qala aşıb başını yaracaqdı.

Xoşbəxtlikdən Qəzənfər cəld tərpənib kənara atıla bildi. Sağ ayağı yerdəki daşın qulağına sürtülüb sıyrıldı.

Onda daha səbrinə hakim ola bilməyən Qəzənfər əyilib divardan söküb çıxartdığı taxtalardan birini götürüb həyətdə paltar sərən arvadın üstünə cumdu.

Səhəri gün arvadı yeriyə bilməyəndə o özü də elə bilmişdi ki, arvadı yanının göyənəyindən qıc olub yeriyə bilmir.

Hirsi soyuyan Qəzənfər bir təhər arvadın qılığına girib uzun boz yubkasını yuxarı qaldırtdıranda yanındakı göyərtilərdən başqa ağzı çəhrəyılaşmış yara da görmüşdü.

Heç nə olmamış kimi yubkanı aşağı çəkərək onu da buna inandırmışdısa da, bir azdan arvadı ağrını unudub ev işlərilə məşğul olanda dünən onu döydüyü taxtanı tapıb üstündəki yüzlük paslı mıxı öz gözlərilə görmüşdü.

Axşamçağı arvadının kefi pozuldu, çadırda qoyulmuş yeganə çarpayıya yayxanıb böyrü üstə qaldı. Qızdırması qalxmış, yeriməyə halı qalmamışdı.

Məktəbli qızı Sənəmin piletkanın üzərində qızartdığı kartofun şirin qoxusu çadırı başına götürmüşdü.

Günortadan işləyib acmış Qəzənfər həkim dalısıyca kəndə qaçmamışdan qabaq əlini tavaya atıb alaçiy kartof dilimlərindən bir çimdik götürüb ağzına apardı. Sonra da qaloşunu geyinə-geyinə kətilin üstündəki salofan paketdəki çörəyin qırağından bir tikə qopardı.

Həkim dalınca yollanmağı qonşu arvadın israrı ilə olmuşdu.

O yaraya baxıb təcili həkimə göstərmək lazım olduğunu söyləmişdi.

Qəzənfər arvadının xəstələnib yatağa düşməsinə üzülsə də, bir o qədər də pərişan deyildi. Komissiya arvadını yataqda görüb yumşalar.

Başqa vaxt olsaydı, arvadının yataqdan tez durmasını istəyərdi.

İndiki vəziyyətdə isə komissiyya gələnəcən arvadının yataqda qalması məqsədəuyğun idi.

Candan möhkəm arvadı arvadı elə həmən günün səhəri yataqdan qalxdı. O gün komisssiya da gəlmədi.

Qəzənfər həmən gün həyətin ortasında qapıyla uçuq evin arasına bir stul qoyub gah uçulan evə, gah da qapıya tamaşa elədi, gələn olmadı. Səhəri gün Qəzənfər stulun əynəmini evə sarı bir az da artırdı.

İndi alaqapıya baxmaq üçün başını azca döndərmək kifayət idi.

Kürsülü, bir mərtəbə evin divarları yarıyacan sökülmüş, aynabəndin və otaqların pəncərələrinin bir qismi aşmış, bir qismi də yıxılmaqdan özünü saxlamağa çalışan adam kimi divarlardan sallanıb qalmışdı.

Giriş qapısının çərçivəsi yalnızca bir divardan asılı qalmışdı. Qalan divarlarsa sökülmüşdü. Qapı yarıaçıq idi. Elə bil bu evdə dünənə kimi heç kim yaşamamışdı.

Çatının hissələri pərakəndə şəkildə evin fərşinə tökülmüşdü. Şifer qırıqları bayram kağızları kimi bütün həyətə yayılmışdı.

Qəzənfər evi xüsusi amansızlıqla dağıtdı. Birinci evin damından başladı. Dama çıxıb gürzlə şiferi, taxta dirəkləri vurub sındırdı.

Çatı çökəndən sonra divarlara keçdi. Onu bu çılğın hərəkətindən döndərməyə gücü çatmayan arvadı kənarda durub qarğış yağdıranda qızları həvəslə ona kömək edirdilər. Qızlar əllərindəki uzun taxta parçaları ilə evin şüşələrini sındırırdılar.

Onlar evi elə amansızlıqla dağıdırdılar ki, elə bil düşmən evi yağmalayırdılar.

Evin içində mebellərdən heç nə saxlamamışdı. Əski bir komod, mətbəx stolu, bir də ayaqları qırılmış köhnə dəmir çarpayı.

O anbardan bəzi şeylər də tapıb gətirmişdi; artıq çoxdandı geyinilməyən nimdaş paltarlar-onları evin yerinə səpələmişdi, atasından qalma stolüstü lampa, rəhmətlik atasının bir zaman abunə olduğu “Azərbaycan”, “Elm və həyat” jurnalları- onları da uşaq oyuncaqları ilə birgə evin yerinə səpələmişdi.

Arvadının qoymaqışıqırığına baxmayaraq bir neçə boşqab, kasa götürüb evin yerinə tullamışdı. Xarab olmuş, anbara tulladıqları, istifadəsiz köhnə televizoru isə gətirib evin bir güncünə qoymuş, sonra da çəkiclə ekranını sındırmışdı.

Qəzənfər iki ay əvvələcən Bakıda fəhlə işləyirdi. Bu vaxta kimi əlini ağdan-qaraya vurmamış bir adama ailəsini dolandırmaq üçün birdən-birə ağır işlər görmək çox çətin olmuşdu.

Qəzənfərdə əqli cəhətdən qüsur var idi. Atası o doğulanda qurban kəsib yeddi qapıya paylamışdı.

Heç yeddi ay keçməmiş məlum olmuşdu ki, uşaqda əqli naqislik var. Bunu özünə dərd edən atası ölən günə qədər oğluna bir iş gördürməyə qıymamışdı.

Evlənmək yaşı çatanda da ata-anası qohum əqrabaya hay salıb bir qız tapmış, gədəni evləndirmişdilər.

Evlənəndən sonra da Qəzənfər daimi işləməmişdi. Atası yenə də əlini onun ailəsi üzərindən əskik etmirdi, ağır yüklü ailəni dolandırır, nəvələrinin bütün xərclərini özü çəkirdi.

Qəzənfər də bekar qalan adam olmasa da, hansı işə girişidisə batırırdı. Onunki gətirmirdi.

Ailə saxlamağın çətinliyini Qəzənfər atası öləndən sonra hiss elədi. Uşaqlar artıq böyümüşdülər. Daha Qəzənfərin yükünü çəkəcək biri yox idi, bacılarının arada elədikləri yardım isə heç yarım aya da çatmırdı.

Onda Qəzənfər Bakıdakı qohumlarının köməyi ilə fəhlə işi tapdı.

İki ay əvvəlsə prorabla dalaşıb işdən ayrıldı. Başqa yerlədə onu işə götürən olmayanda kəndə qayıtdı. Onun gəlişindən bir ay sonra kəndi sel apardı.

Selin qabağını almaq üçün bəndvurma işlərində torpaqla doldurulan hər kisəyə görə 20 qəpik verildiyini eşidəndə Qəzənfər evdə dayanmadı.

Atasından qalma yekəağız lopatkasını da çiyninə alıb onun evdən yüzcə metr aralıda aparılan bəndvurma işlərinə köməyə getdi.

Sel kəndin Kürə yaxın hissəsindən yüzə yaxın evi vurub sıradan çıxarmışdı. Evlərin çoxu uçulub dağılmışdı. Qəzənfərgilin məhəlləsi nisbətən hündürdə yerləşdiyindən onların evlərini, həyət-bacalarını sel basmamışdı.

Evləri uçmuş kəndlilər üçün hökümətin təzə evlər tikəcəyini, ya da kompensasiya ödəyəcəyini eşidəndə Qəzənfər xeyli məyus olmuşdu və onda ağlına bir fikir gəlmişdi.

Qəzənfər bir-iki gün kisə dolduranlarla işləyəndən sonra rəhbər işçilərdən birinin xoşuna gəldi. O da Qəzənfəri özünə yavər götürdü.

Bundan sonra Qəzənfər altı qaz balasının ağzı kimi sarı olan botılarını çıxarıb qaloş geyindi ki, iş dalınca ora-bura qaçmaq rahat olsun.

O qulluğa gedir, siqaret alır, kontur dalınca qaçır, araq tapır, tapşırılan bütün işlərin öhdəsindən gəlirdi.

Rəhbər işçi də ona qarşı laqeyd qalmır, arada görüm-baxım edirdi. Bir gün səhər Qəzənfər işə gələndə gördü ki, Bakıdan gəlmiş rəhbər işçi geri qayıdıb. Bundan sonra Qəzənfər daha sel bölgəsinə getmədi.

Yarım saatdan sonra yağış kəsdi. Göyün üzü açılmağa başladı. Babat yağış yağmışdı. Yağan yağışı torpaq süngər kimi canını çəkmişdi. Həyətdəki gölməçələr qurumaq üzrəydilər. Uçuq evin içində xeyli su yığılıb qalmışdı. Yağış dağılmış evi daha miskin hala salmışdı.

Komissiya üzvləri qapını taqqıldadıb həyətə girəndə Qəzənfər dağıntının içində var gəl edir, xoşuna gəlməyəni yenidən uçurur, evin ortasını zibillə doldurur, köhnə pal-paltarı evin içində əmələ gəlmiş gölməçədə isladıb sonra palçığa bulayaraq ortaya atırdı. Komisiya üzvləri çox qalmadılar.

Evin ətrafında bir dövrə vurdular. Qəhvə rəngli forma geyinmiş komissiya üzvü evin içinə girib çıxandan sonra yanındakılara nəsə dedi. Hamısı gülüşdülər.

Onların gülüşməsi Qəzənfəri pərt etsə də, bunu biruzə etmədi.
Qəzənfərin evini qeydiyyata almadılar. Nə qədər and-aman eləsə də xeyri olmadı.

Üzvlər qapıdan çıxanda yazıq görkəmli Qəzənfər onların ardınca küçəyə çıxıb maşına cumanda bayaqdan çadırın ağzında qızlarla dayanıb gələnlərə tamaşa edən arvadı əllərini qoynundan götürüb ərinin dalınca kül qoydu.

Maşın torpaq yolda kövrək izlər sala-sala uzaqlaşandan sonra Qəzənfər həyətə girməyə ürək eləmədi. Girən kimi arvadı qışqırbağır salıb üstünə cumacaq, vay-şivən qoparacaq. Siqaret yandırıb qapının ağzında çömbəlmək istədisə də ayağa qalxıb bəndə sarı geti.
Axşam kəndə xəbər yayıldı:

Kimsə bəndi uçurmaq istəyib. Bəndi qoruyan polislər onu tutub şöbəyə aparmasaymışlar kəndi su basacaqmış.