Nazir vətəndaşla kobud rəftara görə 773 polis əməkdaşının cəza aldığını deyir

“Son 3 ildə və bu ilin birinci rübündə vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə 773 polis əməkdaşı cəzalandırılıb. Onlardan 12-si cinayət məsuliyyətinə cəlb olunub. 50 nəfər daxili işlər orqanından, 68 nəfər isə tutduğu vəzifədən azad olub”.

Bu barədə məlumatı Daxili İşlər naziri Ramil Usubov mayın 12-də ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçlə görüşdə deyib.

Nazir hazırda ATƏT-in Bakı Ofisinin dəstəyi ilə 4 istiqamətdə - insan alverinə qarşı mübarizə, ictimai toplaşmaların idarə olunması, korrupsiyaya qarşı mübarizə sahələrində və “Cəmiyyət dəstəkli polis” layihələri həyata keçirildiyini deyib. Ramil Usubov deyib ki, ATƏT-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə nazirliyin 2000-ə yaxın əməkdaşı iştirak edib.

Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, görüşdə polis-media münasibətləri, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi ilə bağlı da söhbət aparılıb. Nazir bildirib ki, polisin adına ləkə gətirən əməkdaşlara qarşı daxili işlər orqanlarında xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmayadək prinsipial ölçülər götürülür.

Nazir çoxminli kollektivi olan bir dövlət qurumunu qısa zaman kəsiyində Avropa və dünyanın qabaqcıl ölkələrindəki ən müasir standartlar səviyyəsinə qaldırmağın o qədər də asan olmadığını bildirib.

“Nazirlik buna tədricən nail olmaqla bərabər, hər cür neqativ təzahürlərə qarşı mübarizəni əzmlə davam etdirir və hər belə fakta görə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır” deyə Daxili İşlər naziri bildirib.