D. Miyatoviç: «Verilən vədlər yerinə yetirilməsə, dünya ictimaiyyətinə müraciət edəcəm»

Dunya Miyatoviç

«Azərbaycandan ümidlə gedirəm. Burada keçirdiyim rəsmi görüşlərdə məni əmin etdilər ki, Eynulla Fətullayev və digər həbsdə olanlarla bağlı məsələlər yaxın vaxtlarda öz həllini tapacaq. Eləcə də «Azadlıq» qəzetinin 2 müxbirinin təqib edilməsi araşdırılacaq. Əks halda, dünya ictimaiyyətinə müraciət edəcəm».

Bunu ATƏT-in media və söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç (Dunja Mijatovic) Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O, Azərbaycana 4 günlük səfəri çərçivəsində prezident, daxili, xarici işlər naziri və MTRŞ sədri ilə görüşüb, mətbuat azadlığı sahəsindəki problemləri müzakirə edib.

Xanım Miyatoviç həmçinin, həbsxanada Eynulla Fətullayevə baş çəkib və onun yüksək əhval-ruhiyyədə olmasından məmnun qalıb.

Bu, D. Miyatoviçin Azərbaycana ilk səfəridir. ATƏT təmsilçisi deyir ki, Bakıya onu prezident İlham Əliyevin dəvət edib.