Şamaxıya diametri 6-7 santimetr olan dolu yağıb

Rayonun təsərrüfatına küllü miqdarda ziyan dəyib

Şamaxı rayonuna yağan güclü dolu fərdi evlərin, ictimai binaların, sosial obyektlərin dam örtüyünə, avtomobillərə, əkin sahələrinə və meyvə bağlarına çox ciddi ziyan vurub.

Rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov «APA»ya bildirib ki, mayın 14-də gecə saat 00:45 radələrində Şamaxı şəhərinə və 14 kəndə diametri 6-7 santimetr olan dolu düşüb. 10 dəqiqə ərzində dolu rayonun təsərrüfatına küllü miqdarda ziyan vurub.

İlkin məlumata görə, 1000-dən artıq vətəndaşın fərdi yaşayış evinin, 110-a yaxın ictimai binanın, 12 sosial obyektin dam örtüyü tamamilə sıradan çıxıb. Əkin sahələri və üzüm, meyvə bağları yararsız hala düşüb.

Bundan əlavə, dolu dənələri 100-dən çox minik avtomobilini əzib, şüşələrini sındırıb. Ziyan çəkmiş vətəndaşların müraciətinin qəbulu hələ də davam edir. Ölən və xəsarət alan barədə hələlik məlumat yoxdur.