Gözə göz davası

İndiyədək Ameni Bahraminin üzərində azı 17 əməliyyat keçirilib

Üzünə sulfat turşusu atılması nəticəsində görmə qabiliyyətini itirən iranlı qadın müqəssirin də eyni üsulla kor edilməsi qərarını alqışlayıb.

Hadisə 2004-cü ildə baş verib. Məhkəmə Macid Movahedi barəsində «gözə göz» qərarı çıxarıb - hər gözə 5 damcı sulfat turşusu damızdırılaraq kor etmə.

Evlənmə təklifini qəbul etmədiyindən M. Movahedi Ameni Bahraminin üzünə sulfat turşusu töküb. Hazırda 32 yaşında olan qadın kor olub və indiyədək üzərində azı 17 əməliyyat keçirilib.

Məhkəmə qərarının mayın 14-də Tehrandakı xəstəxanalardan birində icra olunması planlaşdırılsa da, sonradan təxirə salınıb.

Məlumatı İranın rəsmi ISNA agentliyi yayıb. Səbəb açıqlanmır.

A. Bahramiyə kompensasiya təklif olunsa da, o, Movahedinin kor edilməsində israrlıdır:

«İstərdim ki, turşunu özüm şəxsən onun gözlərinə damızdırım. Lakin fikirləşdim ki, bu, mümkün deyil, əllərimi yandıra bilərəm. Həkimlər özləri orada olacaq və bunu edəcəklər».

Bu hadisə yerli və beynəlxalq hüquq müdafiəçilərinin diqqətindədir. Onlar «gözə-göz» qərarının çıxarılmasını insanlığa zidd hərəkət sayırlar.