Pakistanda Səudiyyə Ərəbistanının diplomatı öldürüldü

Mayın 16-da Pakistanın Karaci şəhərində Səudiyyə Ərəbistanının diplomatı öldürülüb. Motosikletdə olan silahlı adamlar Səudiyyə Ərəbistanının konsulluğuna mənsub avtomobilə hücum ediblər.

Səudiyyə Ərəbistanının Pakistandakı səfiri Abdul Aziz al-Ghadeer "Reuters" xəbər agentliyinə bildirib ki, hücumun arxasında kimin durduğunu müəyyən etmək tezdi. Bundan əvvəl isə konsulluğa iki-üç qumbara atılıb, amma hadisədən zərər çəkən olmayıb. Hələlik hücumla bağlı məsuliyyəti heç kəs üzərinə götürməyib.

Mayın 2-də ABŞ hərbçilərinin əməliyyatı zamanı Pakistanda Əl-Qaidə lideri Osama bin-Laden öldürülüb. Əl-Qaidə Səudiyyə Ərəbistanının hakimiyyətinə qarşı müxalifdir və bin-Ladenin qanını alacağına söz verib.