Fransız yazıçısı da BVF rəhbərini seksual qısnamada suçladı

Fransız yazıçısı Tristan Banon iddia edir ki, Nyu-Yorkda zorlama ittihamı ilə həbs edilmiş Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominique Strauss-Kahn 2002-ci ildə onu da seksual təzyiqə məruz qoyub. (Frans-press)

31 yaşlı yazıçı eyni ittihamı 2007-ci ildə televiziyada səsləndirsə də, hüquq-mühafizə orqanlarına müraciət etməmişdi.

Yazıçının vəkili David Koubbi mayın 16-da bildirib ki, onlar artıq hüquq-mühafizə orqanlarına ünvanlayacaqları şikayətin mətnini hazırlayırlar.

Vəkil deyib ki, onun müştərisi əvvəllər öz anasının xahişi ilə polisə müraciət etməkdən vaz keçib.

Onun anası Strauss-Kahn-ın liderlərindən olduğu Fransa Sosialist Partiyasının Yuxarı Normaqndiya bələdiyyəsindəki nümayəndəsidir.

Strauss-Kahn-ı Nyu-Yorkda qaldığı otelin xadiməsi zorlama cəhdində ittiham edir. BVF-in direktoru özünü günahkar saymır.

Strauss-Kahn – həm də Sosialist Partiyasının Fransada 2012-ci ildə keçiriləcək prezident seçkilərində real namizədi sayılırdı.

Yazıçı Tristan Banon vaxtilə televiziyada aparıcı və Paris-Match, Le Figaro qəzetlərində müxbir kimi çalışıb.

İlk romanı olan J’ai oublié de la tuer 2004-cü ildə çap edilib.