Hicab aksiyası zamanı saxlananların sayı 12-yə çatıb

Mayın 6-da bir qrup dindarın Təhsil Nazirliyinin binası qarşında keçirdiyi qanunsuz aksiya ilə bağlı saxlanılan şəxslərin sayı 12-yə çatıb.

Bu barədə APA-ya vəkil Dilqəm Ağayev məlumat verib. Vəkil həmin şəxslərin kimliyi barədə ətraflı məlumat öyrənə bilmədiyini deyib: «Bu cinayət işi ilə bağlı hələlik rəsmi açıqlama verilmir. Ona görə biz də saxlanılan şəxslərin barələrində ətraflı məlumata malik deyilik. Lakin məndə olan məlumata görə, artıq saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilənlərin sayı 12-yə çatıb».

Bir müddət əvvəl aksiya ilə bağlı 9 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Mayın 6-da qanunsuz aksiya keçirməyə cəhd edən, ictimai qaydanı pozan hərəkətlərə yol verən və polisin qanuni tələbinə tabe olmadan müqavimət göstərən 65 nəfər saxlanılıb. Onlardan 5-i barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Saxlanılan şəxslərdən 38 nəfəri xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 22 nəfər barəsində isə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib.