Jurnalistlər üçün binanın tikintisi yubanır

Sənədlərin ekspertizadan keçməsi məsələsində bir qədər gecikmə var

«Media nümayəndələri üçün inşa ediləcək mənzillərə sahib olmaq istəyən jurnalistlər fərdi qaydada öz sənədlərini hazırlayıb fonda təqdim edəcəklər».

Bu açıqlamanı jurnalistlərə KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov verib. O bildirib ki, binanın may ayında təməlqoyma mərasiminin keçirilməsi bəzi texniki məsələlərin həll olunmaması səbəbindən başqa vaxta keçirilib:

«Bizdən asılı olmayan səbəblərdən təməlqoyma mərasimi yubanıb. Binanın inşası ilə bağlı sənədlərin ekspertizadan keçməsi məsələsində bir qədər gecikmə var. Yəqin ki, yaxın vaxtlarda ekspertizanın nəticələrini bizə təqdim edəcəklər. Bundan sonra isə podratçı təşkilatı müəyyənləşdirərək işə başlayacağıq. Fikrimcə, prosesin başlanmasına az vaxt qalıb».

Mənzillərin verilməsi şərtləri haqda da danışan V. Səfərov bunun evin tikintisindən sonra tam müəyyənləşdiriləcəyini deyib:

«İki il müddətinə evin tikintisinin başa çatdırılması nəzərdə tutulub. Evləri jurnalistlərə tam təmirli şəkildə təhvil verəcəyik». /APA/