Arif Hacılı, Məhəmməd Məcidli daha iki ay həbsdə qalacaqlar

Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı və AXCP üzvü Məhəmməd Məcidli daha iki ay həbsdə qalacaqlar.

Mayın 24-də Səbail məhkəməsi onların barəsindəki iki aylıq həbs qətimkan tədbirinin daha iki ay artırılması ilə bağlı qərar verib.

Bu haqda AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev deyib. Onun sözlərinə görə, qarşı tərəf müddətin artırılmasını istintaq hərəkətlərinin aparılması ilə izah edir.

«Amma həmin şəxslər təxminən iki aydır həbsdə olsalar da, ciddi istintaq hərəkətləri aparılmayıb. Bizə ciddi arqumentlər gətirmirlər».

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı ilə bağlı seçilmiş 2 aylıq həbs qətimkan tədbirinin uzadılacağı gözlənir. Hazırda məhkəmə prosesi gedir.

Bu müddətin bitməsinə bir həftə qalırdı.

Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli Ictimai Palatanın 2 aprel aksiyasından sonra saxlanıblar. Onlar Cinayət Məcəlləsinin 233- cü maddəsi ilə ittiham olunurlar.