Müsəlmanlar qrantı «haram» sayıb qaytarır

İsveç Gənc Müsəlmanlar təşkilatı (Sveriges unga muslimer) dövlətdən aldığı 1 milyon kron (təxminən 162 min dollar) vəsaiti geri qaytarmaq niyyətindədir. Təşkilat bu vəsaitin haram ola biləcəyindən şübhələnir.

Hər il İsveçin Gənclər üzrə Milli Şurası ölkədəki gənclər təşkilatlarının fəaliyyətinə müəyyən miqdarda vəsait ayırır. Bu məbləğin üçdə ikisi Svenska Spel – qumar oyunlarına nəzarət edən dövlət qurumu tərəfindən ödənilir.

Bu il Şura Gənc Müsəlmanlar təşkilatına da 1 milyon kron pul ayırıb. Müsəlman QHT-sinin rəhbərliyi isə hesab edir ki, onlara ayrılan 1 milyonun tərkibində Svenska Spel-dən gələn pullar da ola bilər. İslama görə qumar oyunları haram sayıldığından, qurum bu pullardan imtina etmək qərarına gəlib.

İsveç Gənc Müsəlmanlar təşkilatının sədri Muhammed Xarraki deyir ki, bu qərarı asanlıqla verməyiblər. Çünki ölkədəki gənclər təşkilatlarının ayaqda qalması dövlətin ayırdığı qrantlardan asılıdır.

«Amma orası da var ki, məhz gənclər adətən qumar oyunlarına meylli olur, bu cür oyunlardan asılılığa düşürlər. Paradoksal situasiya yaranır – belə çıxır ki, hansısa ictimai təşkilatın fəaliyyəti başqalarının əziyyəti üzərində qurulur. Beləliklə də, onlar mübarizə aparmalı olduqları şeyləri dəstəkləmiş olurlar»- deyə, Xarraki bildirb.
İsveç Gənc Müsəlmanlar təşkilatı ümid edir ki, bu il onlar normal fəaliyyətlərini davam etdirə biləcəklər. Çünki qurum ötən il aldığı qrantın bir hissəsini xərcləməyib. Bundan əlavə, bəzi sponsorlar da onlara yardım edib. Odur ki, təşkilat hər il olduğu kimi bu yay da gənclər üçün düşərgə təşkil edə biləcək, həm də bazar günü mühazirələrini keçirəcək. Amma gənc müsəlmanlar ənənəvi illik konfransdan imtina etməli olacaqlar.