Azərbaycanda «azadlığın məhdudlaşdırılması» cəza növü ləğv edilib

Mayın 31-də Milli Məclis Cinayət və Cəzaların İcrası məcəllələrinə dəyişiklikləri təsdiq edib.

Həmin dəyişikliklərlə «azadlığın məhdudlaşdırılması» cəza növü cinayət cəzaları sistemindən çıxarılıb.

Bu zaman Cəzaların İcrası Məcəlləsinə keçid müddəa əlavə olunub.

Keçid müddəalarında qeyd olunub ki, əlavə və dəyişikliklər qüvvəyə minəndən sonra azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslər barəsində hökmlərə yenidən baxılacaq.

Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq deyilsə, bu, islah işləri və ya 300 manatdan 500 manatadək cərimə ilə əvəzlənəcək.

Cəzanın çəkilməmiş hissəsi 1 ildən 2 ilədəkdirsə, onda bu, islah işləri və ya 500-800 manat cərimə ilə əvəzlənəcək.

Cəzasının çəkilməmiş hissəsi 2 ildən artıq olduqda isə 800 manatdan 1000 manatadək cərimə cəzası tətbiq olunacaq.