Bu ay Azərbaycanla ABŞ arasında təhlükəsizliyə dair dialoq keçiriləcək

Gürcüstanda məştərək hərbi təlimlər, 15 iyul 2008

Azərbaycanla ABŞ arasında təhlükəsizliyə dair dialoqun növbəti mərhələsi bu aya planlaşdırılıb.

Bunu «APA»ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) deyib.

O, ABŞ nümayəndə heyətinə dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endryu Şapironun (Andrew Shapiro) başçılıq edəcəyini açıqlayıb:

«Biz dialoqun davam etdirilməsi üçün yeni imkanlar axtarırıq. Ümid edirəm ki, bu ay Bakıda bu dialoq baş tutacaq».

Səfir ABŞ-la Azərbaycan arasında təxirə salınan hərbi təlimlərin vaxtının müəyyənləşdirilməsi haqda sualı da cavablandırıb:

«Bu, təhlükəsizlik sferasına da aiddir. ABŞ və Azərbaycan kiçikmiqyaslı təlimlər də daxil, bu sahədə müxtəlif tədbirlər keçirirlər. Biz bu il birgə təlim planlaşdırmışdıq. Hələlik baş tutmayıb, lakin bunun elə də ciddi önəmi yoxdur, çünki birgə fəaliyyətimiz davam edir».

Azərbaycanla ABŞ arasında hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığa dair məsləhətləşmələr hər il keçirilir.