ATƏT-in Bakı Ofisi və Daxili İşlər Nazirliyi polislə bağlı strategiya üzərində işləyir

Əli Bilge Cankorel

««Cəmiyyət dəstəkli polis» layihəsinin icrası nəticəsində polislə ictimaiyyət arasındakı ünsiyyətdə nəzərəçarpacaq inkişaf müşahidə edilir. Bu da öz növbəsində, daha yaxşı əməkdaşlıq və qarşılıqlı etimadın yaranması ilə nəticələnir».

Bunu ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel «Cəmiyyət dəstəkli polis» layihəsinə dair keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

ATƏT rəsmisi bildirib ki, təşkilat polisdə qadınların sayının artırılması, həmçinin məişət zorakılığı və insan alveri kimi pozuntulara polisin daha səmərəli müdaxiləsini təkmilləşdirmək üçün strategiya üzərində çalışır. Bu fəaliyyət Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) ilə birgə aparılır.

Ə. B. Cankorel hesab edir ki, qadın polislərin məişət zorakılığı hallarına müdaxiləsi daha faydalı olar.

Ofis rəhbəri onu da deyib ki, qurumla DİN arasında bu sahədə əməkdaşlıq davam edəcək.