«Xan məscidi» ətrafında çəkişmə

«Xan məscidi»
«Düz 10 ildir bu məscidin qapısı bağlıdır. Cümə günləri gəlirlər, namaz qılırlar, gedirlər. Başqa nə vaxt gəlirsən, qapısı bağlıdır. Mən özüm o məscidə gedə, ziyarət edə bilmirəm. Heç yerdə görünməyib ki, məscidin qapısını bağlı saxlasınlar».

DİNDARLAR İCRA MƏMURLARINI MƏSCİDDƏN QOVUB

Şəki sakini Aydın Məmmədov Şəkidəki «Xan məscidi»ndən danışır. Deyir 10 ildən artıqdır ki, məscidin qapısının üstündəki qıfıl cümədən cüməyə açılır. Özü də bir neçə saatlıq. Deməsinə görə, bir dini icma məscidi faktiki özününküləşdirib. Həmin dini icmanın üzvlərindən başqa heç kəs məscidin qapısından içəri keçə bilmir:

«Şəkinin ən qədim məscididir. Təxminən 1770-ci ildə Məhəmmədhüseyn xan tikdirib. Həm turizm baxımından, həm də dini cəhətdən əhəmiyyətli tarixi abidədir. Ora Şəkinin ən birinci, möhtəşəm, iri məscididir». (Rəsmi məlumatlarda məscidin 1745-1750-ci illərdə Hacı Çələbi xan tərəfindən tikdirildiyi deyilir)

Şəki şəhər Mədəniyyət Şöbəsinin müdiri Aydın İbrahimxəlilov deyir ki, «Xan məscidi» tarixi abidə kimi, Mədəniyyət şöbəsinin balansındadır. Məscidi zəbt etmiş və açarlarını verməyən Yeni Azəri İslam Cəmiyyətinə qarşı bir il əvvəl məhkəmə davası açıblar. Şəki məhkəməsi «Xan məscidi»nin boşaldılaraq mədəniyyət şöbəsinə verilməsi barədə qətnamə də çıxarıb. Hətta bir dəfə icra məmurları və mədəniyyət şöbəsinin işçiləri qərarın icrası üçün məscidə yollanıblar. İcra məmurları məscidin qapısındakı qıfılı sındırıblar. 5 dəqiqə sonra dini icma üzvləri peyda olaraq icra məmurlarını və mədəniyyət şöbəsinin işçilərini məsciddən qovublar.

Aydın İbrahimxəlilov:

«QALMIŞAM PİS VƏZİYYƏTDƏ»

«Mən özüm də qalmışam pis vəziyyətdə. Təbii ki, bu, tarixi abidədir, məsciddir. Desəm ki, tarixi abidəni zəbt edib başqa işlərlə məşğul olurlar, düz olmaz, belə şey yoxdur. Namaz qılan, oruc tutan mollalardır,
Məscidin qapısının üstündəki qıfıl cümədən cüməyə açılır
sadəcə çıxmırlar».

Məhkəmədə Mədəniyyət şöbəsinin nümayəndəsi kimi Aydın İbrahimxəlilovun müavini İsmayıl İsmayılov çıxış edib. O deyir ki, cavabdeh tərəf məhkəməni tanımayaraq bircə prosesdə də iştirak etməyib. İndi də məhkəmənin qətnaməsinə sayğısız yanaşırlar:

«Məscid 90-cı illərin əvvəllərindən tutulub. O vaxtlar bir az qeyri-müəyyənlik olub. Tarix mədəniyyət abidəsi kimi biz iddiamızı qaldırdıq, məhkəmə qətnamə qəbul elədi. Ancaq nəticə yoxdur. Cümə günləri açıq olur, yerdə qalan günlər bağlı. Mədəniyyət abidəsidir, bəzən kimlərsə baxmaq istəyir».

Yeni Azəri İslam Cəmiyyətinin sədri Qəzənfər Hacıyev isə deyir ki, «Xan məscidi»nin açarlarını əldən vermək fikirləri yoxdur:

«ONLARIN QEYDİYYATI BİZƏ UYĞUN GƏLMƏDİ»

«Oranı təmir eləmişik, o boyda əziyyət çəkmişik, maya qoymuşuq, bəs açarı kimdə olmalıdır ki? Məscid artist üçün deyil ki, mədəniyyət şöbəsinə verilsin, turistlərdən ötrü də deyil ki, turist gəlsin. İbadət eləyənlər üçündür, biz də ibadətimizi edirik. Kim cəmiyyətimizin üzvüdürsə, ora gəlir. Başqa məzhəblərə qulluq edənlərlə alış-verişimiz yoxdur».

Qəzənfər Hacıyev deyir ki, «Xan məscidi»ndə ibadət etmək istəyənlər mütləq onun Cəmiyyətinə üzv olmalıdırlar.

Ədliyyə Nazirliyindən AzadlıqRadiosuna bildirdilər ki, Yeni Azəri İslam Cəmiyyəti rəsmi qeydiyyatdan keçməyib. Bunu Qəzənfər Hacıyev də təsdiqlədi:

Namizəd Səfərov
«Qeydiyyatdan keçməyi bizə təklif etmişdilər. Ancaq onların dedikləri qeydiyyat bizə uyğun gəlmədi. Öz şərtlərini qoydular, Biz də gördük ki, biz qeydiyyatdan keçməklə onların tabeliyinə keçəcəyik».

«BİZ ALLAHIN HÖKMÜNƏ TABEYİK»

Hüquqşünas Namizəd Səfərov deyir ki, dindar məsciddə ibadətlə məşğul olursa, burda qeyri-qanuni heç nə yoxdur. Ancaq hər hansı dini icmanın məscidi zəbt etməsi də qanunsuzdur və məhkəmə qətnaməsi varsa, o, icra olunmalıdır. Dini icma üzvləri qətnaməylə razılaşmırlarsa, şikayət müddətinin bərpasına dair məsələ qaldırıb həmin qətnamədən apellyasiya şikayəti verə bilərlər.

Yeni Azəri İslam Cəmiyyətinin sədri Qəzənfər Hacıyevsə deyir ki, məscidi təhvil vermək fikrində deyillər:

«Məhkəmənin verdiyi hökmlə Allahın verdiyi hökm bir ola bilməz. Biz Allahın hökmlərinə tabeyik».

Şəki şəhər İcra məmurları şöbəsindən AzadlıqRadiosuna dedilər ki, dini cəmiyyətin üzvlərinə məscidi təhvil vermələri üçün bir neçə dəfə xəbərdarlıq olunub. Xəbərdarlıqlar nəzərə alınmasa, icra məmurları yaxın vaxtlarda məhkəmə qətnaməsini polisin nəzarəti altında icra etməli olacaqlar.