Victor Ashe: «Biz xəbərlərin obyektiv işıqlandırılmasını dəstəkləyirik»

Victor Ashe

Beynəlxalq Yayım Şurasının (BBG) üzvü, səfir Victor Ashe iyunun 15-də AzadlıqRadiosunun Bakı bürosunda olub.

Qonaq deyib ki, BBG xəbərlərin obyektiv işıqlandırılması missiyasına sadiqdir:

«Dünyanın bir çox ölkələrində azad media yoxdur. «Freedom House» təşkilatının azad mətbuat indeksinə baxsanız, görəcəksiniz ki, ölkələrin çoxu qeyri-azaddır. Ancaq biz xəbərlərin obyektiv işıqlandırılmasını dəstəkləyirik və inanırıq ki, bu, bütün dünyada daha yaxşı cəmiyyətin qurulmasına gətirib çıxarır. Biz bu məqsədə sadiqik».

Victor Ashe AzadlıqRadiosunun Azərbaycandakı işini yüksək qiymətləndirdiyini vurğulayıb və radio kollektivinə təşəkkür edib.

2009-cu il yanvarın 1-dən Azərbaycan hökuməti AzadlıqRadiosu da daxil olmaqla xarici radiostansiyaların FM-də yayımını dayandırıb.

BBG ABŞ-ın qeyri-hərbi beynəlxalq yayımçılarının - AzadlıqRadiosu, «Amerikanın səsi», Marti Radio və TV-sinin peşə müstəqilliyi və bütövlüyünün qorunub saxlanmasına nəzarət edir.