Erməni kilsəsi Patriarx II İlyanın sözlərini “qeyri-etik ifadə” kimi qiymətləndirib
Erməni Apostol Kilsəsi Gürcüstan Pravoslav Kilsəsinin başçısı Patriarx II İlyanın erməni katalikosu II Garegin haqqında dedikləri “uyğunsuz” fikirləri tənqid edib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.
Məlumata görə, ötən bazar günü Gürcüstan Patriarxı II İlya Müqəddəs Triniti kilsəsində çıxış edərkən iki dini lider arasındakı mübahisələri Gareginin nisbətən gənc yaşda olması ilə əlaqələndirib:
"Garegin gəncdir, yəqin hələ təcrübəsi kifayət qədər deyil. O, ağıllı olsa da, hər iş üçün tələsir. Mən ona dedim ki, 30 illik təcrübəm var və bilirəm ki, hər işə sakit yanaşmaq lazımdır”.
78 yaşlı Patriarx II İlyanın 59 yaşlı Gareginə belə irad tutması erməni dindarlarının xoşuna gəlməyib. Eçmiadzindəki (Yerevanın 20 km-liyində şəhər) kilsənin baş rahibi, yepiskop Arşak Xaçatryan bu çıxışı tənqid edib:
”Kilsə başçıları arasındakı münasibətləri nəzərə alsaq, gürcü patriarxın belə bir fikir səsləndirməsi etik deyil”.
İki kisə arasındakı mübahisələrin səbəbi hər iki ölkədəki bəzi məbədlərin sahibliyi ilə bağlıdır. Garegin 1999-cu ildən Erməni Apostol Kilsəsinə başçılıq edir. O, iyunun 10-da Gürcüstana bir həftəlik səfər etməklə iki kilsə arasındakı gərgin münasibətləri bir qədər yumşaldacağına ümid edirdi.
Bu, erməni kilsə başçısının demək olar 100 ildən sonra Gürcüstana ilk səfəri idi. Səfər zamanı Apostol Kilsəsinin Gürcüstanda, həmçinin Gürcü Pravoslav Kilsəsinin Ermənistanda statusunun müəyyənləşməsi məsələsi də gündəmdə olub. Lakin iki dini lider bu məsələlərdən heç biri ilə bağlı konkret razılığa gələ bilməyiblər.