ATƏT-in Bakı ofisi 4 QHT-ə qrant verəcək

İyunun 22-də ATƏT-in Bakı Ofisi ətraf mühit və təhlükəsizlik sahəsində fəaliyyət göstərən 4 qeyri-hökumət təşkilatının təşəbbüsünü maliyyələşdirmək məqsədilə kiçik ölçülü qrantlar alacağını elan edib.

ATƏT Ofisi seçilmiş QHT-lərə - Qafqaz Regional Ekoloji Mərkəzinin Azərbaycan Filialı, Ümid Humanitar və Sosial Dayaq Mərkəzi, Səhiyyənin İnkişafına Dəstək Ictimai Birliyi və Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyinə 7 min avro ilə 9 min avro arasında dəyişən məbləğlərdə qrantlar verəcək. Bu barədə ATƏT-in Bakı ofisindən AzadlıqRadiosuna verilən məlumatda deyilir.

Həmin vəsaitlə aqrar sahədə fərdi təsərrüfatlarda alternativ enerji mənbələrini; enerjidən səmərəli istifadəni; zərərli tibbi tullantıların idarə olunmasını; və qədim Xınalıq kəndi ətrafındakı yay otlaqlarının monitorinqini təşviq edən layihələr maliyyələşdiriləcək.

Bu qrantlar ATƏT-in Bakı Ofisinin 2009-cu ildən etibarən icra etdiyi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) proqramının bir hissəsini təşkil edir.

Proqram Statoil şirkəti və ABŞ Hökuməti tərəfindən maliyyələşdirilir.