Fotobank saytı: «Nənənizin, babanızın, ulu babanızın şəklini bizə göndərin»

Fotobank.az saytının görüntüsü

«İndiyə qədər Azərbaycanda bu işi görən olmayıb. Kor insan almanı təsəvvür edə bilməyən kimi biz də bunu təsəvvür edə bilmirdik»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına «Fotobank.az» saytının yaradıcılarından biri- Əziz Elxanoğlu söylədi.

BU TİPLİ SAYTLAR DÖVLƏTDƏN MALİYYƏLƏŞİR

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində bu tipli saytlar var: «Qonşu Gürcüstanda, Rusiyada, Türkiyədə, hətta Ermənistanda belə dövlət tərəfindən maliyyələşən saytlar fəaliyyət göstərir».

İKİ İL ARAYIB- AXTARDIQ

Ədalət Tahirzadə ilə iki il bu sahədə araşdırma apardıqlarını deyən qonağımız sonda bu işi reallaşdırmağa nail olduqlarını dedi: «Ədalət müəllimin zəngin arxivi var. Bunu internetə çıxarmaq gərək idi. Dostlarımızla danışdıq, işə başladıq».

YERLİ DİZAYNERLƏRİN FANTASTİK RƏQƏMİ...

Əziz Elxanoğlu və dostları saytın hazırlanmasına- domenin alınmasına, materialların yerləşdirilməsinə üç ay vaxt sərf ediblər: «Yerli dizaynerlər saytın hazırlanması üçün fantastik rəqəm səsləndirdilər. Bizim də büdcəmiz yox idi. Odur ki, bu işi görən xarici mütəxəssislərlə əlaqə yaratdım. Daha sərfəli yollar təklif etdilər. Bu bizə ucuz başa gəldi. Heç bir yerdən maliyyə dəstəyi almadan bir neçə gənc bu işi gördük».

Ədalət Tahirzadə
ÖZ ARXİVİMİ VERDİM

Proqramımızın ikinci qonağı- Ədalət Tahirzadə illər boyu yığdığı kolleksiyanı sayta təqdim etdiyini bildirdi: «İndiyədək tanınmayan adamların fotolarını yığmışam. Şəhərlərimizlə bağlı fotolar da var. Məndə saysız şəkillər yığılıb. Cümhuriyyət liderlərinin, Cümhuriyyət tələbələrinin və s. Hətta 1918-20-ci illərdə dövlət idarələrimizin işlətdiyi blankların fotoları da var. Onları da bu yaxınlarda verəcəyəm».

ƏLYAZMALAR İNSTİTUTUNDAKI FOTOLARI DAXİL ETDİK

Ədalət bəy öz şəxsi arxivindən başqa Əlyazmalar İnstitutundakı sənədlərin elektron variantının hazırlanmasına bir il vaxt sərf etdiyini dedi: «Direktor Məmməd Adilovla danışdım. İnstitutda qorunan fotoların internetdə yerləşdirilməsini təklif etdim. Razılaşdı. Çünki Əlyazmalar İnstitutuna gələn istifadəçilər şəklin orijinalını korlayırlar».

Nərmin Tahirzadə
NƏRMİN TAHİRZADƏNİN ARXİVİNDƏN YARARLANDIQ

Ədalət bəy Nərmin xanımın həm fotolarını, həm də sənədlərini sayta yerləşdirdiklərini dedi: «Skaynerdən keçirdim, elektron variantını hazırladım. Nərmin xanım 1921-ci ildə İstanbulda doğulub. Onun atası Cümhuriyyətin xaricdə oxumağa göndərdiyi tələbələrdən olub. Nərmin xanım bütün həyatını Azərbaycanın təhsil tarixinə həsr edib. Uzun illər Tarix Muzeyində çalışıb. İndi xəstə olduğundan işə çıxa bilmir. Keçmiş SSRİ-nin elə bir muzeyi yoxdur ki, Nərmin xanım orada işləməsin. Cümhuriyyət tələbələrinin və başqa ziyalıların da fotolarını üzə çıxarıb. Hamısı saytdadır».

DÖRDÜNCÜ QAYNAQ- ÖZƏL ƏSKİ AİLƏ FOTOLARI...

Ə. Tahirzadə hər bir Azərbaycan vətəndaşının öz ailəsində olan fotoları saytda yerləşdirə biləcəyini söylədi: «Evində nənəsinin, babasının, ulu babasının fotosu olanlar bizə müraciət edə bilər. Lap bir foto da olsa, versin ki, şəkil itməsin. Qoy fotolar millətin malı olsun».

XALQIN TARİXİNƏ HƏSR OLUNMUŞ YEGANƏ SAYTDIR

Ə. Tahirzadə Rusiyanın və Türkiyənin foto saytları ilə tanış olduğunu bildirdi: «Maraqlandığım iki ölkədə bu məsələ çox inkişaf edib. Ancaq başdan-ayağa ölkənin tarixinə həsr olunmuş belə sayt yoxdur. Kommersiya məqsədi daşıyan saytlar var. İlk dəfədir ki, biz xalqın tarixiylə bağlı 5 min fotonu təqdim etmişik və xalqdan bir qəpik də ummuruq. Yaxın vaxtlarda fotoların sayını 15 minə çatdıracağıq».

Sayt barədə daha geniş bilgi almaq istəyirsinizsə. «Can Bakı» proqramını dinləyin: