Qarabağ Azadlıq Təşkilatının iki aksiya cəhdi

İyulun 6-da Qarabağ Azadlıq Təşkilatı (QAT) Bakıda iki dəfə aksiya keçirməyə cəhd edib, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlara etirazını bildirib.

Bu barədə AzadlıqRadiosuna QAT sədri Akif Nağı məlumat verib:

«BMT qarşısında həm ingilis, həm Azərbaycan dillərində plakatlar qaldırılıb, şüarlar səsləndirilib ki, Ermənistana qarşı sanksiyalar tətbiq olunsun, hərbi canilər cəzalandırılsın, BMT qətnamələri yerinə yetirilsin».

Piket iştirakçıları əvvəlcə BMT-nin Azərbaycandakı nümayəndəliyinin, sonra Prezident Administrasiyasının binası qarşısında toplaşaraq, etiraz etmək istəyiblər. Birincidə polis yazılı şüarları aksiyaçılardan alıb, ancaq qətnamənin səsləndirilməsi və bəyanatın BMT-yə təqdim edilməsinə mane olmayıb. İkincidə isə polis aksiya iştirakçılarını binaya yaxın qoymayıb.

QAT sədri Akif Nağı: «Aksiya iştirakçılarının Prezident Administrasiyasına 100 metr yaxınlaşmasına icazə verilib. Orada da şüarlar səsləndirilib. Aksiya iştirakçılarının qətnaməsini Administrasiyada qəbul etməyiblər, polis aksiya iştirakçılarını dağıdıb».

Hər iki aksiya zamanı saxlanan olmayıb.