2012-ci ildə hüquqi şəxslərin onlayn-qeydiyyat sistemi tətbiq ediləcək

Foto: Arxiv

Azərbaycan Vergilər Nazirliyi 2012-ci ildə hüquqi şəxslərin onlayn-qeydiyyat sistemini tətbiq etməyi planlaşdırır.

Bunu Vergilər nazirinin müavini Natiq Əmirov deyib.

«Hüquqi şəxslərin elektron qeydiyyatı fiziki şəxslərin qeydiyyatından daha mürəkkəb prosesdir. Bu tip qeydiyyat əsasən xarici hüquqi şəxsləri əhatə edir. Onun tətbiqi üçün ən vacib şərt elektron imzaların olmasıdır. Ölkə qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsindən sonra biz 2012-ci ildə hüquqi şəxslərin elektron qeydiyyatına başlamağı planlaşdırırıq», - N. Əmirov bildirib.

Vergilər Nazirliyi iyulun 1-dən ilk dəfə olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin onlayn-qeydiyyat sisteminin tətbiqinə başlayıb.

Ehtimal olunur ki, qeydiyyatın bu növünün tətbiqi vergiödəyicilərin sayının daha da artmasına, qeydiyyatla bağlı vaxt itkisini iki gündən 2-3 dəqiqəyədək azaltmağa imkan verəcək. /Trend/