Obama və Medvedev Qarabağ münaqişəsini müzakirə ediblər

Medvedev və Obama

Rusiya və ABŞ prezidentləri Dmitri MedvedevBarak Obama (Barack Obama) arasında telefon danışığı olub.

Məlumatı Rusiya prezidentinin rəsmi saytı yayıb.

Söhbət zamanı regional və qlobal problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları müzakirə edilib.

Obama və Medvedev ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin liderləri kimi, Qarabağ tənzimlənməsində yaranmış durumla bağlı fikir mübadiləsi aparıblar.

Obama Rusiya liderinin bu istiqamətdəki səylərini, xüsusən də Kazanda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü yüksək qiymətləndirib. Eyni zamanda, prezidentlər Bakı və Yerevanın sülh əldə etməsinə kömək məqsədilə bundan sonra da əlaqələndirilmiş addımlar atmaq əzmini bildiriblər.

Hazırda Rusiya Xarici İşlər naziri Sergey Lavrov Vaşinqtonda səfərdədir. Onun amerikalı həmkarı Hillari Klintonla (Hillary Clinton) müzakirə edəcəyi məsələlər arasında Qarabağ tənzimlənməsi də var. /apa/