Başında aşsüzən şəkil çəkdirib

Niko Alm - photo driving-license

Spagettiyə Allah kimi sitayiş edən Avstriya vətəndaşı dini baxışlarına görə başını örtməli olduğunu deyib


Avstriyada yaşayan Niko Alm dini baxışlarına görə sürücülük vəsiqəsi üçün başıbağlı şəkil çəkdirib. Amma Niko başına nə çalma, nə də araqçın qoymayıb. O, başına aşsüzən keçirərək vəsiqə üçün şəkil çəkdirib.

Niko iddia edib ki, bu cür baş örtüyü ilə şəkil çəkdirmək onun mənsub olduğu dini cərəyanın tələbidir. Belə ki, o, pastafarianizm davamçısı olduğunu bildirib.

Pastafarianizmin əsası 2005-ci ildə amerikalı fizik Bobbi Hendersen tərəfindən qoyulub. Bu fizik Allah əvəzinə “uçan monstr – spagetti”yə sitayiş etdiyini deyirdi. Müxtəlif din nümayəndələri bu fikirlərinə görə onu kafir elan ediblər.

Niko da özünü bu yeni cərəyan davamçısı elan etdiyindən, spagettinin süzüldüyü əşyanı – aşsüzəni başına keçirərək şəkil çəkdirməyi vacib bilib.

Yerli hökumət təmsilçiləri Niko Almın xahişini təəccüblə qarşılasalar da, səhhətini yoxlayandan sonra ona sürücülük vəsiqəsini veriblər. Lakin Avstriyadakı bəzi din mənsubları bu hadisəni “dinlərin məsxərəyə qoyması” kimi qiymətləndiriblər.