2 aprel aksiyası zamanı həbs olunan 6 nəfərin məhkəməsi başlayıb

İyulun 19-da Səbail rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunmuş altı nəfərin işinə məhkəmə baxışı başlayıb.

Həmin altı nəfər AXCP sədrinin müşaviri Sahib Kərimov, AXCP üzvləri Babək Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Müsavat üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilovdur.

Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunurlar.

Elnur İsrafilov həm də Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də təqsirləndirilir.

Məhkəmə başlayan kimi müdafiə tərəfi müttəhimlərin qəfəsdən çıxarılması haqqında vəsatət verib. Vəsatət qəbul olunub.

Video və foto çəkilişə icazə verilmir.