YÜZ EŞİTMƏKDƏNSƏ...
Qobustanda nə bir bulaq, nə də bir su gözə dəyir. Yaşıllıq isə yalnız Heydər Əliyev küçəsində göz oxşayırdı.
«Yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Bir ətrafa nəzər salın, görün şəhərə yaraşır buralar. Halbuki Mərəzə şəhər statusu alıb. Şəhərdirsə, heç olmasa, yaşıllıq olmalıdır, gözəllik olmalıdır».
Bu, Qobustan şəhər sakini Mais Abdullayevdir. 2008-ci ilə kimi Qobustan rayonun inzibati mərkəzi Mərəzə hesab olunub. Mərəzə yaylasında, əsas magistral yolun kənarında yerləşən Mərəzə qəsəbəsi 2008-ci ildə Nərimankənd kəndi ilə birləşərək Qobustan adını və şəhər statusunu alıb. Ancaq bəziləri onu hələ də Mərəzə adlandırırlar.
Bakıdan 90 km aralıda yerləşən Qobustan şəhərinin iqlimi yarımsəhradır. Ətrafı dərələr, yarğanlar və çılpaq qayalardan ibarətdir.
SUSUZLUQ VƏ İŞSİZLİK ...
Qobustan şəhərinin ara küçələrində maşın yollarına sərilmiş inək, buzovlar istidən halsız vəziyyətə düşüblər. Ara küçələrdə bu iribuynuzlu heyvanlardan başqa canlılar sanki qeybə çəkiliblər. Mərkəzi küçələrdə isə tək-tük adam gözə deyirdi. Uzun müddətdir adam görməyənlər kimi qaçırıq onların yanına. Jurnalist olduğumuzu bilib istiyə fikir vermədən başlayırlar söhbətə. Deyirlər ki, Qobustanda əsas iki problem var – birincisi su, ikincisi isə işsizlik:
«Qobustanda ən böyük problem su problemidir. Özü də bu əsrlərdir davam edir. Sovet hökuməti gəldi-getdi su problemimiz həll olunmadı. Müstəqilliyimizdən 20 ildən çox keçib, hələ də su problemimiz həll olunmur. Ancaq milyonlarla pul yeyilir, amma bu qədər rayon su üzünə həsrətdir».
Sakinlər deyirlər ki, 4 tonu 20 manat olan maşınlarla su alırlar.
Məhbubə Əliyeva Qobustandakı yeməkxanalardan birində qabyuyan işləyir. Deyir ki, qazandığı qəpik-quruşu da suya verməli olur:
«Gözümü açandan su sarıdan çox çətinlik çəkirəm. Qazancım elə suya gedir. 6 nəfər ailə üzvüm var. Yeməyə, içməyə, yuyunmağa hamısına məcburam su istifadə edim, qənaət mümkün deyil».
İŞ YERLƏRİ YOXDUR...
Çox keçmədi ki, ətrafımıza xeyli insan toplaşdı. Elə ki, söz iş problemindən düşdü, hərə bir tərəfdən şikayətlənməyə başladı:
«İş yeri haradan olsun. Nə bir zavod, nə bir fabrik var».
BURADA NƏ KANALİZASİYA SİSTEMİ, NƏ İŞIQFOR, NƏ DƏ...
Sakinlər deyir ki, Qobustanın problemi bununla bitmir. Burada nə kanalizasiya sistemi, nə işıqfor, nə uşaqlar üçün oyun meydanı var. Yalnız mərkəzi küçələr asfaltlanıb, ara küçələr isə asfalt üzünə həsrətdir.
Qobustan rayon İcra Hakimiyyətinin şöbə müdiri Məharət Əkbərov isə deyir ki, 2011-ci ilin sonuna kimi rayonda su problemi həll ediləcək:
SU KƏMƏRİ BU İLİN SONUNA KİMİ İSTİFADƏYƏ VERİLMƏLİDİR
«Qobustanda uzun müddət problem olub. Amma bu problem yaxın vaxtlarda öz həllini tapacaq. Hazırda Təsi kəndindən Qobustan şəhərini və 7 kəndi su ilə təchiz edəcək yeni, 25 kilometrlik su xətti çəkilir.
Məharət Əkbərov bildirdi ki, «2009-2013-cü illərdə regionların sosial, iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində kanalizasiya sisteminin də çəkilməsi gözlənir. O ki qaldı işsizliyə, Məharət Əkbərov belə bir problemin mövcudluğu ilə razılaşmır:
«BİZ ÖZÜMÜZ İŞÇİ AXTARIRIQ»
«Bu, düzgün məlumat deyil. Şəhər əhalisi də, kənd əhalisi də pay torpaqları ilə təmin olunub. Hər bir adamın şəxsi pay, mülkiyyət torpaqları da var, işlə də məşğuldurlar. Əksinə, bizə hazırda ixtisaslı kadrlar lazımdır, biz özümüz işçi axtarırıq. Kimsə iş axtarırsa, bizə müraciət etsin».
QOBUSTANDAN AVROPA MƏHKƏMƏSİNƏ...
2008-ci ildə keçmiş Mərəzə qəsəbəsi və Nərimankənd birləşərək Qobustan şəhəri yaradılıb. Keçmiş Nərimankənd kəndində yeni şəhər salındığından insanların pay torpaqları geri alınıb. Lakin bəzi sakinlər torpaqlarının qanunsuz əllərindən alınması iddiası ilə məhkəməyə müraciət ediblər. Hazırda onların şikayətləri Avropa Məhkəməsinə göndərilib, bəzisi isə yerli məhkəmələrin icraatındadır.
Həmin sakinlərdən biri Tofiq Abdullayev deyir ki, təxminən on gün öncə onlar Qobustan rayonuna yeni təyin olunan icra başçısının qəbuluna düşmək istəyiblər. Amma dediyinə görə, yağışdan çıxıb, yağmura düşüblər:
«Biz icra başçısına dərdimizi deməyə getmişdik. Amma icra başçısı bizi verdi məhkəməyə, hərəmizi də 50 manat cərimələdilər».
«HƏLƏ ONLARA HUMANİSTLİK EDİLİB»
«İcra Hakimiyyəti başçısı onları məhkəməyə verməyib. Sadəcə, onlar İcra Hakimiyyətində iş rejimini pozduqları üçün məhkəməyə müraciət olunub. Bu müraciət İcra Hakimiyyəti tərəfindən edilməyib. Orda icra başçısının heç bir rolu yoxdur. Bizdə qrafik əsasında qəbul aparılır. O adamlar iş rejimini pozduqları üçün məhkəməyə veriliblər. Məhkəmə də hələ çox böyük humanistlik göstərərək qadınları bağışladı, kişiləri isə 50 manat cərimələdi».
QOBUSTANDA YOLLARIN KƏNARI HASARLAYIR
Qobustan şəhərinə gedən yolların kənarı hasarlanır. Sakinlər həmin işləri icra hakimiyyətinin yerli şöbələrə - təhsil, səhiyyə, sosial müdafiə mərkəzlərinə və digər dövlət qurumlarına həvalə etdiklərini bildirirdilər. Şəhər sakinlərinin deməsinə görə, hər bir dövlət qurumu 180 metr hasarlanma işləri aparmalıdır. Məharət Əkbərov bu iddiaları nə təkzib elədi, nə də təsdiq:
- Bəli hasarlama işləri aparılır. Amma bu işlərin kim tərəfindən aparıldığını mən bilmirəm.
- Siz bilmirsiniz yolun kənarını kim hasarlayır?
- Xeyr, mənim məlumatım yoxdur.
Məhərrəm Əhmədov yol qırağı hasarların çəkilməsinin səbəblərinə aydınlıq gətirməsə də, sadə insanların bununla bağlı öz yozumu var. Onların yozumuna görə, bu hasarlar bölgələrə tez-tez səfərlər edən prezidentdən ətraf yaşayış məntəqələrində yoxsuluq və səfalətin əlamətlərini gizlətməyə xidmət edir.
«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA SONRAKI GÜNLƏRDƏ
Gəncə: Virusa yoluxanlara nədən təxmini diaqnozlar qoyulur?
Astara: 3 ay əvvəl prezidentin iştirakı ilə açılan Şahağacı yoluna yamaq vurulur…
Astara: 3 ay əvvəl prezidentin iştirakı ilə açılan Şahağacı yoluna yamaq vurulur…