20 günün əsgəri nədən ölüb?

20 gündür hərbi xidmətə çağırılan Fərrux Hüseynov isə iyulun 24-də ölüb

ƏSGƏR ASILI TAPILDI

İyulun 26-da daha bir əsgər ölümü haqda məlumat gəldi. 7 aydır hərbi xidmətdə olan 19 yaşlı əsgər Murad Tağıyev də müəmmalı şəkildə ölüb. O, meşədə asılı vəziyyətdə tapılıb. Murad Tağıyev Müdafiə Nazirliyinin Lənkərandakı hərbi hissələrinin birində xidmət edirmiş.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev:

- Əsgər bir gün əvvəl hərbi hissəni özbaşına tərk edib və ayın 25-də Masallıdakı meşədə asılmış vəziyyətdə meyiti tapılıb. İndi araşdırma aparılır.

FƏRRUX HÜSEYNOV DANIŞDIĞI YERDƏ KEÇİNİB

20 gündür hərbi xidmətə çağırılan Fərrux Hüseynov isə iyulun 24-də ölüb. İlkin məlumatlarda onun günvurmadan öldüyü deyilirdi.

Əmisi Fərman Hüseynli AzadlıqRadiosuna deyib ki, 22 yaşlı Fərrux əsgər yoldaşı ilə söhbət etdiyi yerdə yerə yıxılıb. Elə orda da keçinib:

- Oturduğu yerdə yıxılıb. Həmin gün mən görüşə gedirdim, nənəsi ilə, bibiləri ilə... Biz hərbi hissəyə çatmışdıq, məlumat gəldi.

- Hadisə harada olub? Kazarmada olub, ya bayırda?

- Günün altında olmayıb. «Kurilka»da dostu ilə siqaret çəkirmiş. Özü də səhər idi, gün elə isti olmur onda. Saat 11-12 olub.

Fərman Hüseynli əsgərin ölüm səbəbi haqda məlumatsız olduğunu deyir:

- Ekspertiza olunub, müstəntiqlə bu gün də danışmışam, araşdırma gedir. Yəqin nəticəsini yaxında biləcəyik. İstintaq, araşdırma aparır...

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə AzadlıqRadiosuna deyib ki, əsgər ürək çatışmazlığından ölüb. Ancaq əmisi Fərrux Hüseynlinin sağlam olduğunu, ürək xəstəsi olmadığını söyləyir:

- Elə bir şeyi yox idi bu hadisəyə qədər. 20 günün əsgəri idi, nə deyə bilərəm.

Müdafiə Nazirliyinin sözçüsü Teymur Abdullayev:

- Valideynlərin hüznünü, kədərini başa düşürəm. Amma hər halda, həkimlərin verdiyi rəy
Üzeyir Cəfərli
budur.

«7 AYDA 52 ƏSGƏR ÖLÜB»

«Bu ilin 7 ayında 52 əsgər ölüb».

Bunu da hərbçi-ekspert Üzeyir Cəfərov deyir:

- 2011-ci ilin tam olmayan 7 ayında 52 əsgər ölüb, 57 nəfər yaralanıb. Onlardan 12 nəfər cəbhə xəttində atılan güllədən, mina partlayışından ölüb. Yerdə qalanlarısa qeyri-döyüş şəraitində ölüblər. Yəni xəstəlikdən, avtomobil qəzasında, ehtiyatsızlıqdan ölüblər. Bizim Müdafiə Nazirliyi ancaq statistika aparır.

Üzeyir Cəfərov deyir ki, il-ildən əsgər ölümlərinin sayı artır. O, bunu komandirlərin əsgər həyatına etinasız yanaşmasının nəticəsi sayır.

MÜDAFİƏ NAZİRLİYİ YENƏ DEYİR Kİ...

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə əsgər ölümlərinin artması haqda deyilənləri qəbul etmir. O deyir ki, ölüm halları ayrı-ayrı hissələrdə olub, onlar arasında əlaqə axtarmaq lazım deyil. Teymur Abdullayevin dediyinə görə, əsgərlərdən biri ürək çatışmazlığından ölüb, o birinin də ölümü araşdırılır:

«Hər halda, araşdırma gedir».

NƏ QƏDƏR Kİ, İCTİMAİ NƏZARƏT YOXDUR

Hərbçi-ekspert Üzeyir Cəfərov isə deyir ki, nə qədər ki, orduya ictimai nəzarət olmayacaq, ölüm halları ciddi şəkildə araşdırılmayacaq, belə hallar davam edəcək:

- Ən acınacaqlısı budur ki, faciələr baş verən hərbi hissələrin komandirləri mükafatlandırılır. Necə ki, Şəmkir Hərbi Birləşməsində yetərincə qalmaqallı hadisə olsa da, hərbi birləşmənin komandiri Rövşən Əkbərovu ordenlə təltif etdilər. Yaxud da Bərdə Hərbi Birləşməsinin komandiri Nizam Osmanov ordenlə mükafatlandırıldı.

Azərbaycan Ordusundan isə əsgər ölümləri, güllələmə və ya intiharlarla bağlı vaxtaşırı məlumatlar gəlir.