Ərdoğanın səfəri ətrafında təxminlər...

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan. 2010

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 27-də Azərbaycana gəlib. Onu bu səfərdə Türkiyənin xarici işlər, enerji- təbii sərvətlər həmçinin iqtisadiyyat nazirləri müşayiət edir.

Ərdoğan hələ Türkiyədən yola düşərkən bildirmişdi ki, Bakıya 1 günlük səfərdə ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunacaq. Həmçinin iki ölkə arasında enerji layihələri, xüsusilə «Nabucco»ya dair məsələlərə diqqət yetiriləcək.
Yeri gəlmişkən iyun ayında Türkiyədə keçirilən parlament seçkilərindən sonra bu Ərdoğanın ikinci rəsmi səfəridir. (Birinci səfər yeganə olaraq Türkiyənin tanıdığı Şimali Kipr Türk Respublikasına olub).

Hazırda Azərbaycanın siyasi dairələrində Türkiyə Baş nazirinin Bakıya səfərinin ayrı-ayrı detalları müzakirə olunmaqdadır. Bu müzakirələrdə Azərbaycan qazının Avropaya nəqlində tranzit məsələlərinə dair anlaşmanın mümkün olub, olmayacağı sualı da ekspertləri düşündürən əsas məqamlardandır.

«TÜRKİYƏ ÇALIŞIR Kİ, BİZİM İMKANLARIMIZDAN BİR AZ ARTIQ İSTİFADƏ ETSİN»

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyir ki, əslində Türkiyə Baş nazirinin seçkilərdən sonra Azərbaycana səfər etməsində qeyri adi bir şey yoxdur. Onun fikrincə orada seçkiləri qazanan şəxsin ilk səfərini Kipr və Azərbaycana etməsi artıq ənənəyə çevrilib. Bununla belə Mübariz Əhmədoğlu düşünür ki, tərəflər arasında Azərbaycan qazının Türkiyə ərazisindən nəqlində razılaşdırılmamış məqamların müzakirəsi də təbiidir:

Mübariz Əhmədoğlu
«Türkiyə çalışır ki, bizim qazımızdan, imkanlarımızdan bir az artıq istifadə etsin, artıq qazansın. Hesab edirəm ki, dostluğu, qardaşlığı bir kənara qoyub belə məsələlərdə müzakirələr açmaq olar. Ancaq mən hesab edirəm ki, müəyyən məsələlər var ki, onların xatirinə qazla bağlı söz- söhbətlərdə müəyyən güzəştlərə getmək olar. Bu baxımdan Qarabağ probleminin həlli məsələsi də fikrimcə tərəflər arasında ciddi müzakirə olunacaq».

Mübariz Əhmədoğluna görə, Bakı müəyyən etməyə çalışır ki, Türkiyə Qarabağ məsələsinin yalnız sülh yolu ilə nizamlanmasında Azərbaycanın yanındadır, ya digər həll variantlarında da dəstəyini əsirgəməyəcək? Bu baxımdan politoloq indiki görüşün həlledici ola biləcəyini və tranzit anlaşmasının da bu məsələyə bağlı olacağını düşünür.
1 gün əvvəl Bakıda səfərdə olan Polşa prezidenti Bronislav Komorovskinin şərəfinə verilən rəsmi ziyafətdə prezident İlham Əliyev ümid etdiyini bildirmişdi ki, Azərbaycanın qaz resurslarını Avropa bazarına təqdim etməsi üçün ilin sonuna qədər bütün lazım olan sənədlər imzalanacaq.

Rəcəb Tayyib Ərdoğan isə bu səfər öncəsi bildirmişdi ki, Türkiyə Cənub Qafqazda sülh üçün çalışacağıq. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz regionunda sabitliyin təmin edilməsinə yönəlib.

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə isə Ərdoğanın səfərinin əsas məqsədi Azərbaycan Türkiyə münasibətlərinə aydınlıq gətirmək və bölgədə gedən geosiyasi proseslərə müştərək yanaşma əldə etməyə çalışmaqdır. Politoloqun fikrincə Türkiyə hökümətini buna rəsmi Bakının son iki ildə apardığı anti-Türkiyə siyasəti və Türkiyəni qınamaq üçün daimi bəhanə axtarışlarıdır.

Ərəstun Oruclu
«AZƏRBAYCAN SİYASƏTİNDƏ TÜRKİYƏ İLƏ İRANIN EYNİLƏŞDİRİLMƏSİ AĞLASIĞMAZ BİR ŞEYDİR»

«Mən hesab edirəm ki, son dönəmlərdə ölkə rəsmilərinin Azərbaycan Türkiyə münasibətlərinə dair verdikləri açıqlamalar ümumiyyətlə anlaşılmazdır. Məsələn Prezident Administrasiyası İctimai Siyasi Şöbəsinin müdiri Əli Həsənovun bu günlərdə Türkiyə ilə viza rejiminin aradan qaldırılmasının qeyri mümkünlüyünü İran amili ilə izah etdi. Düzdü Əli Həsənov sonra o fikri təkzib elədi ki, guya elə bir şey deməyib. Amma biz belə təkziblərin çox şahidi olmuşuq. Hesab edirəm ki, Azərbaycan siyasətində Türkiyə ilə İranın eyniləşdirilməsi ağlasığmaz bir şeydir».

Ərəstun Orucluya görə bu sadəcə onun göstəricisidir ki, rəsmi Bakı özünün də inandığı, amma mövcud olmayan balans siyasətini davam etdirmək niyyətindədir. Amma Ərəstun Oruclu deyir ki, bu günki dünya konseptual baxımdan dəyişib və hamıdan mövqe tələb olunur.

Bu ilin əvvəlində - fevral ayında Türkiyə ilə Gürcüstan arasında vizasız gediş-gəlişi barədə sənəd imzalanıb. Həmin sənəd vətəndaşların iki ölkə arasındakı gediş-gəlişini pasportlarla deyil, şəxsiyyət vəsiqəsi ilə həyata keçirtməsini nəzərdə tutur. Bu ilin aprel ayından isə Rusiya ilə Türkiyə arasında vizasız gediş-gəliş həyata keçirilir. Azərbaycanda da ictimaiyyət arasında Türkiyə ilə eyni sazişin bağlanması ilə əlaqəli böyük gözləntilər var.