Oktavio Pas (Octavio Paz)
(1914-1998) - görkəmli Meksika yazıçısı, şair, esseist, kulturoloq, siyas i publisist, tərcüməçi, ədəbiyyat üzrə Nobel mükafatçısı (1990)
Küçə
Bir səs belə yoxdu sonu görünməyən küçədə.
Ayaqlarım dolaşır, gözüm yolu seçmir, yıxılıram,
qalxıram, kor-koranə addımlayıram,
quru yarpaqları, lal daşları tapdayıram,
arxadakı adam da onları tapdayır:
dayanıram- dayanır, gedirəm- o gedir.
Baxıram, kimsə gözə dəymir.
Göz- gözü görmür, yolu itirmişəm.
Heç kim yoxdur,
- elə hey dolanıram.
Dalanlar məni yenidən
birisinin arxasına düşdüyüm küçəyə çıxardır,
onun da gözü yolu seçmir, yıxılır,
qalxaraq mənə zillənir, pıçıldayır:
“Heç kim yoxdur…”
***
Kəhraba divarları olan qüllə,
Daş meydanda tənha dəfnə ağacı,
Qəfil burulğan,
Qaranlıq dalandakı təbəssüm,
Saraylar arasından axan çay,
Zərif quyruqlu ulduzun qəfil , gözdeşən parıtısı…
Tağları altından həyatın əbədi axdığı körpü.
Oktavio Pasın poeziya haqqında fikirlərindən:
Şeiri izah eləmək mümkün deyil, yalnız anlamaq olar.
Ritm- oxşarlıq və fərqlə diridir: bu səs o səs deyil, amma sanki həm də odur.
Ritm artıq metaforadır, bütün baqşa şeylər onun ardınca gəlir. Başqa cür desəm, dəyişkənlik- təkrar, zaman-isə zamansızlıqdır.
Şeiri anlamaq demək-onu dinləmək deməkdir ilk növbədə.
Yazıçını əxlaqı mövzu və fikirlərdə deyil, onun dillə təkbətək davranışındadır.
Poetik texnika elə yazarın əxlaqı deməkdir, çünki bu manipulyasiya yox, ehtiras və askezadır.
Qafiyəpərdaz bir qayda olaraq özü haqqında başqalarının adından danışır, həqiqi şair isə özünə müraciət edəndə başqalarıyla danışırmış kimi söhbət edir.
Şeir oxumaq- onu gözlə dinləmək, şeir dinləmək-onu qulaqla oxumaqdır.
Şeir söz qarşısında gücsülüyün doğurduğu çaşqınlıqdan yaranır ki, sonda sükutun mütləq gücü qarşısında baş əyəsən.
Sükuta aşiq olmuş şairin yeganə xilas yolu nitqdir.
Şeir həmişə onu yazan şairin səhnədən getməsidir ki, onu oxuyan yeni şair doğulsun.
Tərcümə: Səlim Babullaoğlu