Gülər Miryəhya "Güzgü" (Hekayə)

- Dünən yuxuda səhra gördüm. Qırmızı-qızılı qum idi hər tərəf. Nə bir canlı, nə bir kol, nə ağac. Sakitlikdən qulağım çatlayırdı. Göy mavi idi. Bir dənə də bulud yox idi. Yadına gəlir biz ilk dəfə təyyarəyə minəndə pəncərədən baxıb heyrətlənmişdin? Hər tərəf ağappaq idi. Elə bil ki ucu-bucağı görünməyən, qarlı düzdə idik. Dedin ki, o ağlığın bulud olmasına inanmırsan, o ağlıq qara oxşayır, sanki qarlı səhrada yeriyirsən, ayağının altı üstü buz tutmuş səhradı, ayağınla qarları eşəndə buzların altında, çox dibdə, çox uzaqlarda balaca, ölü şəhərlər görünür. Bax mənim gördüyüm də elə inanılmaz gözəl səhra idi. Amma ayaqlarımın altında buz tutmuş göl deyil qırmızılı-qızılı qumlar var idi.

- Yuxu görmüsən də, burda heç nə yoxdur.

- Yox, yuxu kimi yuxu da deyildi əslində. Hər şey çox həqiqi idi. Üzümü yandıran istini, ayaqlarımın altında qumların xışıltısını, səssizliyi çox real hiss edirdim.

- Yenə də yuxudu.

- Hm... bilirsən nəyi xatırladım? Yadına gəlir bir dəfə uşaq olanda yolla gedirdik qarşımıza bir qadın çıxdı. Saçları qıvrım idi, gözləri gülürdü. Bizə baxıb gülümsədi? Dedin bax ona nə qədər qadınsıdır, gözəldir. Dedin ki, o qadına bənzəmək istəyirsən böyüyəndə, onun kimi qıvrım saçların olsun, onun kimi gülümsəyəsən istəmişdin. Xatırlayırsan? Sən artıq o qadına oxşayırsan. Onun qədər qadınsısan. Amma gözlərin kədərlidi, onun gözləri kimi gülmür.

- Bəlkə o qadını da yuxuda görmüsən?

- Yox real idi, gördüyüm yuxu qədər real.

- Bax görürsən, gördüyün yuxu qədər real imişsə deməli o qadın da yuxudur.

- Deyil, deyil min dəfə deyil.

- Əsəbləşirsən.

- Heç də yox. Sadəcə yuxu deyildi. Yuxunun beyin hücrələrində ilişib qalan informasiya olduğunu deyirlər. Axı mən heç vaxt səhrada olmamışam. Nə də heç vaxt o qədər isti və o qədər səssizliyi hiss etməmişəm.

- Televizorda görmüsən.

- Niyə məni inkar etməyə çalışırsan? Məgər televizorda nəyisə hiss etmək olur?

- ....

- Niyə susursan?

- Sənə baxıram.

- Niyə?

- Dedin gözlərim kədərlidi.

- Onu sənə dedim axı, mənə niyə baxırsan?

- Çünki mən sənəm.

- Sən mən ola bilməzsən,- ayağa qalxdı,stulu hirslə kənara çəkdi,- sən heç bilirsən mən kiməm?

- Kimsən?

- Mən...mən..., - pıçıldadı- özüməm.

- Hə də mən də onu deyirəm, sən özünsən. Mən də sənəm. Sən dünyadan kənar düşmüsən. Ya da dünyadan qaçmaq istəyirsən. Bax dünən də yuxuda ucsuz dəniz görmüşdün. Masmavi dəniz. Demişdin suyun dadını, soyuqluğunu hiss etmisən. Niyə axı sənin yuxuların insansız olur?

- Bilmirəm.

- Çünki qaçmısan. Sən özünə qaçmısan. Sən özün boşluqsan. İnsan ölümünə bax? Qeyri adidir, amma onu necə adi qəbul edirlər. Bax indi oturmusan, varsan. Bir dəfə okeanın kənarında ölü tısbağalar görmüşdük. Qəribə gəlmişdi sənə, tısbağa ölüləri. Atanın nə vaxtsa sənə aldığı enerji yığan oyuncaq ayınıı xatırlayırsan? Bax o tısbağalardan biri sanki enerjisi bitən oyuncaq ayı kimi sakitcə ölmüşdü. İnsanlar da enerjisi bitən oyuncaqlar kimi səssizcə ölürlər. Sənin də enerjin bitir. Öləcəksən. Yuxularına qaçırsan ölməmək üçün. Yuxuda elə bilirsən zaman keçmir. Üzündəki qırışları niyə demirsən? Gözlərinin kədərini görüb, özünü tərifləyirsən belə gözəl və qadınsı olduğundan danışırsan. Gözlərinin altındakı torbaları görməyəcək qədər korsan? Niyə dinləmirsən? Saatına baxırsan?

- Yoruldum mən çox yoruldum.

- Yoruldunsa get. Bilirəm yenə yuxuna qaçacaqsan.

- Hə. Sağ ol.

- Yadıma gəlir,- güldü,- hər kəs gecələr ayın ləkəli üzünə baxıb, bir şey uyduranda sən demişdin ki, ayın üzündəki rəqqasdır. İşıqda rəqs edir. Özü də inanmışdın dediyinə, hətta bir az da şişirtmişdin özünü. Bəlkə mənəm o rəqqas demişdin. Sonra hamı gülmüşdü sənə.

- İndi niyə xatırladın bunu?

- Elə belə.

Ayağa qalxdı. Stulu güzgünün qabağından götürüb, aylardır yuyulmayan yorğanını çiyninə atıb, dəmir çarpayısına uzandı.