Bağrı çatladı yazdığım şeirin...

Adil Mirseyid

TUŞLA ÇƏKİLMİŞ ŞEİRLƏR


qağayıların səsi
qar çiçəyitək uçur havada
qağayı səsi yağır dənizə
havadaca əriyir
hopur maviliklərə

***

bir misra yazdım yatmazdan öncə
oyanıb bir misra da yazdım
heç sənə də danışmaram bu gecə
iki misra arasında
gördüyüm yuxunu

***

harda olursan ol
hansı güzgülərə gülümsəsən
gecə ay sevdalananda
hücrəmdəki güzgüdən
baxırsan gözlərimə

***

bağrı çatladı yazdığım şeirin
budaqda qalmış gülöyşə nartək
damla damla nur süzülür canından
götür fırçanı
bu şeirin rəsmini çək

***

bilmirəm nə qədər dua
elədim
bir də gördüm
kök atmışam torpağa
axşamlar eyvana çıxıb
yolumu gözləmə daha


***

buralar haradı bilməm
nə yaşıl ağac var nə bəyaz bulud
amma at tərinin qoxusu gəlir
boz axşam qüssəsindən
neçənci yüzildə yaşayıram mən


***

şimala uçan quşlar
çin olmadı qürbətdə gördüyüm duşlar
məndən də bir salam dua söyləyin
orda tanrı dağında
açan çiçəklərə uçan ruhlara


***

mən yalan dünyaya uçub gələndə
hələ buğda yeməmişdi həvva
onda da indikitək
yağışdan sonra çiçəkləyirdi
açıq çəhrayı hava

***

necə yaşayırsan habil kaman
necə yaşayırsan yetmiş yaşında
necə yaşayırsan kamançayla bir dam altında dodağının ucunda bir durna
təbəssümü
bir qürbət sevdası başında


***

alın yazımızdı bu yağan yağış
bu yazıya inansaydı könlümüz
günahlarımızı yuyardı bəlkə
qafiyələri ağrıyır gecələr
payız şeirlərimin


***

o qadının özləmdən islaq gözləri
çıxmaz yadımdan
yalnız müqəddəslərin belə kədərli
belə nurlu gözləri
ola bilər könlüm fani dünyada


***

bəzən soyuq zindan olur
şairlərə məmləkət
təki bir pəncərəm olsun oğlum
təki hər səhər
umud uçub qonsun pəncərəmə


***

ah röyada gülümsəyən cocuq
yat yuxun şirin olsun
çabuq böyü çabuq
bir gün gələcək sənin çiynində
gedəcəm bu dünyadan

***

yağlı boya ilə çəkilmiş
bir gözəl portretsən yalnız
indi mənim ömrümdə
saçlarındakı çiçək solmayb hələ
təbəssümün dəyişib amma


***

geriyə yol yoxdu daha
geri dönmək yazılmayıb alnıma
bilmirəm necə oldu
yalnız sənin adın gəldi ağlıma
böyük qaranlığın astanasında


***

mən bir devdim
gözlərinə baxdım dünyanı sevdim
rəsm çəkdim
şeir yazdım
qəhr oldum


***

yenə hava tutulub
yağış yağacaq
qafamızda ildırımlar çaxacaq
ağladacaq şəkildəki mələyi
qara sevda yolçusunun taleyi


***

taleyimi dəyişdi şeirim
haradı haradı haradı mənim yerim
tanrım bu nə ömürdü
mənə cənnət yasaq
cəhənnəm yasaq

***

başımıza gələn dəli macəralar
qara sevdalar gözəl bəlalar
beş yüz il sonra bu məmləkətdə
doğulacaq şairin də
başına gələcək balalar

***

alçalar çiçəkləməsin
sevənlər gerçəkləməsin
bu gün qürbətdi anayurd
tanrım haralara səsləyir məni
ay işığında ulayan bozqurd


***

göyüzündə mübarək ay
qurd ağzı qanlı
boz qurd ulayır
ay gülümsəyir
tanrı dağlarının başı dumanlı



***

yadigar qoy bu dünyada adını
yəhərlə ağ atını
çapıb gedək dördnala
bax o saman yolunun
yolçusuyuq biz bala


***

uç min kilometr yol var aramızda
neçə rəsm çəkmək olar
neçə şeir yazmaq olar
neçə ömür yaşamaq olar
üç min kilometyr vaxtda


***

nə arağın nə tütünün
nə dünənin nə bu günün
ləzzəti yoxdu burda
soruşma dünyanın harasındayam
qrafomanlar arasındayam

***

dərddən dəli olmuş bir qarı
aya baxıb ağlayır
bir tel ay işığıyla
bağlanıb qarının canı
dünyanın açılmaz sirrinə


***

eşqin şirin yalanları
bir gün aldadar səni
sənə bir şey olsa əgər
mən də canıma qıyacam sürməli gözəl
canıma qıyacam kafir olacam

***

sən göyərçinlərin havada uçuşunu
röyalarda gülümsəyən
körpələrin duşunu
güzgülərdə öz çılpaqlığını sevirsən
mən də səni sevirəm

***

gəmiynən gələcəyini bilə-bilə
hava limanında gözlədim səni
hava limanında payız
burda ağaclar daha hüzünlü
burda quşlar daha yalqız


***

limonla araq içdim
təyyarə limanında
siqaret çəkdim
siqaret çəkdim
yenə sənin göz yaşlarını seçdim


***

unutdum taksidə qaldı
oxuduğum kitab
orda bir adam vardı
o adam çıldırmışdı dəliydi
o adam kimisə öldürməliydi


***

izn ver bir şeir də yazım
bir fincan da su içim
bir siqaret də çəkim
bir dəfə də gülümsəyim
sonra məni öldür tanrım

***

özünü edama aparan adam
yalvarır tanrısına alnında soyuq tər
tanrım möcüzə göstər
əfv elə onu
o da bağışlasın səni

***

necə oldu çıldırmadım
o umudsuz günlərdə
tanrım sənə çox şükür
hələ gülümsəyir gözlərim
oğlumun təbəssümünə