Bakı şəhər icra hakimiyyətinin qəbul otağında

Bakı şəhər icra hakimiyyəti başçısı aparatının qəbul otağı

«HACIBALA MÜƏLLİM MƏNİ TANIYIR, O, OĞLUM KİMİDİR»

Bazar ertəsi. Bakı şəhər icra hakimiyyəti başçısı aparatının qəbul otağı. Günorta saat 2-dir. İndilərdə icra başçısının tikinti məsələləri üzrə müavini Rauf Pənahovun qəbul saatı başlamalıdır. Bu haqda icra hakimiyyətinin saytında yazılıb.

Qəbul otağında gözləyən elə də çox deyil. Üstünə «Qəbul otağının müdiri Tahir Məsimov» yazılmış otağın qapısı hələ də bağlıdır. İki-üç dəfə şikayətçilər onu döysələr də açılmır. Təxminən 10-15 dəqiqə sonra Tahir Məsimov otaqdan çıxıb şikayətlərlə maraqlanır. Kiminə telefon nömrəsi verir, kiminə də «get, gözlə» deyir.
Yaşı 70-i haqlayan Güllər Nəsirova:

- Mən evimə «kubça» istəyirəm. Hacıbala müəllim evimə «kubça» vermişdi, o ev plana düşdü. Yeni ev veriblər, istəyirəm mənə «kubça» versinlər. Hacıbala müəllimi görmək istəyirəm. Gedirəm, nə qədər pul istəyirlər. Mənim o qədər pulum haradandır? Hacıbala müəllim öz oğlum kimidir. O məni tanıyır, 14-cü JEK-də süpürgəçi işləmişəm.

Tahir Məsimov Güllər Nəsirovanı arxayın edir ki, getsin, evində rahat otursun. Payızda prezident evlərin sənədləşdirilməsilə bağlı sərəncam verəcək. Onun evinin məsələsi də onda birdəfəlik həll olunacaq.

«YIXILIB YATIR, SONRA DA GƏLİR Kİ, QƏBUL QURTARDI»

Növbə mənə çatanda Rauf Pənahovu gözlədiyimi deyirəm. «Şikayətiniz nədir?» Tahir Məsimov jurnalist olduğumu biləndə «mətbuat xidmətinə müraciət edin» deyib o biri otağa keçib, qapını açarla bağlayır.

20 ildir ev növbəsi gözlədiyini deyən Arif Əsgərov bundan sonra bərk əsəbiləşir. Dediyinə görə, Tahir Məsimov həmişə belə edir. Buna görə də icra başçısına Tahir Məsimovdan şikayət də yazıb. Həmin məktubu bizə də göstərir:

- Tahir müəllimin neçə dəfə yanına gəlmişəm. Məni qəbula yazmır. Məni görən kimi qapını bağlayır, yıxılıb yatır. Mən də Hacıbala müəllimə yazmışam ki, dövlət idarəsini şəxsi evi kimi hesab edən, idarədə yatan Tahir müəllim haqda ciddi ölçü götürün. Vəzifəsindən sui-istifadə edir. Camaatı gözlədir, qapını bağlayıb yatır. Sonra da gərnəşə-gərnəşə gəlir ki, vaxt qurtardı, çıxın gedin evə. Kimi istəsələr qəbul edirlər, kimi istəsələr yox.

- Bu gün onunla danışmısız?

Arif Əsgərov
- Bu gün yox, beşinci gün gəlmişdim.

- Bəlkə qapını döyəsiz?

- (Qapını döyür) Saat 14.21-dir. Tahir müəllim qapını yenə bağlayıb...

Yeri düşmüşkən, Arif Əsgərov Əfqanıstan müharibəsi veteranıdır:

- Beş nəfər 16 kvadratlıq darısqal otaqda yaşayırıq. Kontuziyam var. Ürək xəstəliyindən əziyyət çəkirəm. Dəfələrlə məmurlara müraciət eləmişəm. Hamısı da deyir ki, ev yoxdur. Sahibkarların tikdiyi binaların 20 faizi Hacıbala Abutalıbovun mənzil fonduna verilir. Mən də ona neçə dəfə yazmışam, teleqram vurmuşam ki, o evlər kimə verilir? O sualın cavabı indiyə kimi verilmir... İyirmi ildir ev növbəsindəyəm. Mənə mənzil verilmir. Nəyə görə? On ildir, on beş ildir yazıram.

30 İLDİR QAPILAR DÖYƏN QARI

Qəbul otağında 80 yaşlı Məriyyə Baxışovayla rastlaşdım. 30 ildir sökülmüş evini geri almaq üçün döymədiyi qapı qalmayıb. 50 yaşından ya küçədə, ya məsciddə yaşadığını deyir:

Məriyyə Baxışova
- Baş rəhbərlər şikayət qəbul etmirlər. Şöbə müdiri, ümumi şöbə qəbul edir şikayətləri. Küçədə qalmışam. Gəlirsən bu deyir ki, «dayanma», o deyir ki, «çıx get, hara gedirsən get». Heç kim baxmır.

Bir neçə dəfə qapını döysək də Tahir Məsimovu görə, deyilənlərə münasibət öyrənə bilmirik. Sualları mühafizəçi cavablandırır.

Mühafizəçi başçının müavini Rauf Pənahovun məzuniyyətdə olduğunu və şikayətləri memarın qəbul edəcəyini deyir. Adını söyləmədiyi memarın saat neçədə gələcəyi isə bəlli deyil.

«GÖR NƏ GÜNƏ QALMIŞIQ Kİ, MÜHAFİZƏÇİ MƏSƏLƏ HƏLL EDİR»

Gülnarə Hüseynova adlı yaşlı qadın memarı xeyli gözləyib çar-naçar geri dönür. Amma əvvəlcə dərdini söyləyir. O danışır ki, pəncərəsinin qarşısında otaq tikiblər, öz mənzilində rahat yaşaya bilmir, boğulur. Mühafizəçi ona da yol göstərir:

- Xüsusi evdirsə, bu işə məhkəmə baxmalıdır.

Gülnarə Hüseynova:

- Məhkəmə düzgün həll etmir.

- İndi mən neyləyim?

- Mən gəlmişəm ki, sənin memarın təsdiqləsin ki, burda belə ev tikilməz. Bunun layihəsi yoxdur. Beş ildir bura yazıram, cavab almıram.

- Bəlkə cavab verilib, cavab da yolda itib?

Mühafizəçinin bu cavabına qıraqdakılar qımışır. Nəhayət mühafizəçi Gülnarə Hüseynovanı məktubların qəbul olunduğu şöbəyə aparır.

Qəbula düşmək istəyən vətəndaşlar
Mühafizəçi:

- Bax görürsənmi, sənin şikayətin Nizami icra hakimiyyətinə göndərilib. Düzgün cavab verilməsə, məhkəməyə getməlisən.

Kənardakılar dözmür:

- Gör nə günə qalmışıq ki, cavab verməli adamlar kabinetdə oturub, mühafizəçi məsələ həll edir...

Artıq saat 4-ə 10-15 dəqiqə qalır. Ara-sıra mühafizəçi bəzi şikayətçiləri arxa qapıdan içəri aparır. Bir şikayətçisə dilə gəlir, mənə müraciət edir: «Bəlkə siz getsəz, onlar da qapını açarlar?»

Bunu deyən xanım az sonra içəri keçə bilsə də, tələsik geri qayıdır, onu dinləyəcək memar hələ gəlməyib.

Qəbulun isə başa çatmasına cəmi bir neçə dəqiqə qalıb. Amma heç kim yerindən tərpənmir...