Erməni ekspert: "Müharibə təhlükəsi artıb"

Richard Giragosian

Qarabağ münaqişəsinin yenidən alovlanması riski artıb.

Bunu Yerevandakı “Regional Araşdırmalar Mərkəzi”nin direktoru, siyasi ekspert Riçard Giroqosyan deyir.

Onun fikrincə, axır illərdə Azərbaycanın öz dövlət büdcəsini dəfələrlə artırması, hərbi büdcənin əhəmiyyətli hissəsini yeni silah-sursatın və texnikanın alınmasına sərf etməsi, bununla da Ermənistanı sulah yarışına çəkməsi Qarabağda yeni müharibə təhlükəsini artıran amillərdəndir.


GÜRCÜSTANLA PARALELLƏR....

Giroqosyan deyir ki, Gürcüstandakı münaqişələrin də yenidən alovlanması riski haqda ehtimallar səslənsə də, 2008-ci ilə qədər bu bir çoxları tərəfindən ciddiyə alınmırdı.

Nəticədə 2008-ci ildə Gürcüstan və Rusiya arasında dağıdıcı müharibə baş verdi.

Erməni ekspert düşünür ki, yeni Qarabağ müharibəsi də region üçün eyni dağıdıcı sonucla bitə, bölgədəki enerji yollarını zərbə altında qoya bilər.

Girokosyan deyir ki, Qarabağda müharibə riskinin artdığını göstərən əlamətlərdən biri də qoşunların təmas xəttində atəşkəsin əvvəlkinə nisbətən daha tez-tez pozulmasıdır.

Onun fikrincə, ATƏT-in Minsk qrupu hazırda münaqişənin həllindən daha çox konfliktin yenidən alovlanmamasına çalışır.

Erməni ekspert düşünür ki, münaqişənin həlli istiqamətində indiyəcən nəzərəçarpacaq irəliləyiş baş verməyib. Buna görə də vasitəçilik işinə Avropa Birliyini də cəlb etmək lazımdır.

O hesab edir ki, bölgəyə Avropa Birliyinin müşahidəçiləri göndərilməli, qoşunların təmas xəttində monitorinq gücləndirilməli, sülhə zəmin kimi regionda demokratiya quruculuğu sahəsinə dəstək artırılmalıdır.

Amma onun fikrincə, bu vasitəçilik ATƏT-in Minsk qrupunun əvəzlənməsi yox, ona dəstək formasında olmalıdır.

"AZƏRBAYCAN VƏ ERMƏNİSTANI SANKSİYA GÖZLƏYƏ BİLƏR"

Ərəstun Oruclu
Söhbət etdiyimiz Azərbaycanlı ekspertlər isə yeni müharibə riskinin artması haqda erməni ekspertlərinin fikirlərini bölüşmürlər.

Hərçənd Ərəstun Oruclu və Zərdüşt Əlizadənin bununla bağlı fərqli arqumentləri var.

“Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə, yeni müharibə ona görə mümkün deyil ki, həm Azərbaycan, həm də Ermənistan münaqişənin sülh yolu ilə həllinə dair öhdəliklər götürüblər:

“Hərbi xərclərin artması özü-özlüyündə heç də mütləq müharibə olacağı anlamına gəlmir. Münaqişənin yenidən alovlanmasına sülh danışıqlarının dalana dirənməsi təkan verə bilər:

Amma mən düşünmürəm ki, tərəflərdən hansısa bu yola əl atsın. Çünki Azərbaycan da, Ermənistan da kiçik dövlətlərdir və müharibə olarsa, beynəlxalq aləm onlara ciddi sanksiyalar qoya bilər”.

Ərəstun Oruclu Avropa Birliyinin Qarabağ münaqişəsinin həllində birbaşa vasitəçiliyinin də nəyisə dəyişəcəyinə inanmır. O deyir ki, onsuz da birlik konfliktin həllinə çalışmaqdadır.

Bu, Avropa Birliyinin aparıcı dövlətlərindən olan Fransanın ATƏT-in Minsk qrupunun həmsərdlərindən biri olması şəklində ifadə olunur.

"BU BİR OYUNDUR"

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, nə Azərbaycan, nə də Ermənistan
Zərdüşt Əlizadə

münaqişənin həllində güc yoluna əl atmaz. Politoloq istər münaqişə tərəflərinin, istərsə də vasitəçi dövlətlərin sülh danışıqlarının imitasiyası ilə məşğul olduqları qənaətindədir.

“Bu bir oyundur. Azərbaycan və Ermənistanın hökumət rəhbərləri Rusiyanın çaldığı havaya oynayırlar.

Guya Ermənistan Azərbaycanın silahlanmasından qorxuya düşüb. Azərbaycan guya öz torpaqlarını güc yoluyla azad etməyə hazırlaşır, Rusiya da guya sülh yaratmağa çalışır.

Bu məharətlə qurulmuş bir oyundur. 15 ildən çoxdur bu oyun davam edir”.

Azərbaycan və Ermənistan prezidentlərinin iyunun sonunda Kazanda keçirilən görüşünə böyük ümidlər bəslənsə də, münaqişənin həlli istiqamətində irəliləyiş əldə edilmədi və tərəflər o vaxtdan bəri bir-birini danışıqlar prosesinə əngəl yaratmaqda ittiham edirlər.