5 min fələstinli qaçqın Suriyadakı düşərgəni tərk edib

5 min fələstinli qaçqın hökumət qüvvələrinin atəş açmasına görə, Suriyanın Latakiya liman şəhərindəki düşərgəni tərk etməyə məcbur olub.

Bu barədə BMT-nin xəbərində deyilir.

Fələstin qaçqınlarına yardım agentliyinin nümayəndəsi Chris Gunness bildirib ki, düşərgədə azı 4 nəfər ölüb.
Orada məskunlaşan 10 min adamın yarısı -5 mini isə düşərgəni tərk edib.

Avqustun 15-də Latakiyada atışmanın intensivləşdiyi, 3 gün ərzində şəhərdə azı 27 nəfərin öldüyü xəbəri gəlib.

Həmçinin tanklarla silahlanmış hökumət qüvvələrinin daxil olduğu Homs vilayətinin bir sıra şəhərlərində də atışma olub. Hüquq-müdafiəçiləri yarım ildə Suriyada 1700 nəfərin öldüyünü bildirir. Etirazçılar prezident Bashar al-Assadin istefasını və demokratik islahatların keçirilməsini tələb edir.