Qədr gecələri başladı

Quranın hansı gecə nazil olması ilə bağlı müzakirələr davam edir

Ramazanın 18-dən 19-na keçən gecə birinci Qədr gecəsi qeyd olunur. Məhz Qədr gecələrindən birində Quranın nazil olduğu hesab edilir. Bu gecəni “1000 aydan üstün” gecə adlandırırlar.

Qədr gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-ci gününə keçən gecələrindən biridir. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır.

Qədr gecəsinin məhz hansı günə təsadüf etməsi ilə bağlı müzakirələr hələ də davam etdirilir. İslam alimlərinin əksəriyyətinin fikrincə, Qədr gecəsi Ramazan ayının 27-ci gecəsinə düşür.

Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. Bu gecənin müxtəlif əməlləri var. Məsələn, qüsl etmək, səhərə qədər məsciddə ibadət etmək, 2 rəkət Qədr gecəsi namazı qılmaq və s.

Amma alimlər onu da deyirlər ki, “Bir gecəlik ibadətlə bütün günahların bağışlanacaq" iddiası ancaq səmimi müsəlmanlar üçün keçərlidir. Yalnız əsl müsəlmanların Qədr gecəsindəki ibadəti məqbul sayılır.