“Əsrin oğurluğu”ndan düz 100 il keçir

Feyziyyə Hacıyeva


20-ci əsrin ən səs-küylü oğurluğunun baş verməsindən düz 100 il keçir.

1911-ci il avqustun 21-də Parisdəki “Luvr” muzeyindən dahi italyan rəssamı Leonardo da Vinçinin şedevri - “Mona Liza” rəsmi oğurlanıb.

“Cokonda”nın yoxa çıxmasından sonra bütün Paris polisi ayağa qaldırılır. Şübhəlilər arasında rəssam Pablo Pikasso və yazar Giyom Apolliner də olur.

Rəsmi il yarım sonra İtaliyada tapırlar. “Cokonda”nı Luvr muzeyinin sabiq əməkdaşı, milliyyətcə italyan olan rəssam və dekorator Vinçenso Perucia oğurlayıbmış.

Məlum olur ki, “Cokonda”nı oğurlamaq onun üçün çətin olmayıb.

Perucia, sadəcə, muzeydəki şkafların birində gizlənərək iş vaxtının bitməsini gözləyib. Daha sonra şəkli divardan çıxararaq muzeyi tərk edib.

Amma məhkəmənin qərarı yumşaq olur. Ona cəmi 1 illik həbs cəzası kəsirlər.

Oğruya qarşı mərhəmət hissi ondan yaranır ki, o, “Mona Liza”nı bütün mümkün vasitələrlə öz tarixi vətəninə qaytarmaq arzusundaymış.

“Mona Liza”, yaxud “Cokonda” əsəri 1503-1506-cı illər arası çəkilib.