Nuranə Əliyeva
ƏCNƏBİ AD VƏ SOYADLARI DÜZGÜN YAZMALIYIQ!
“Stefan Sveyq” yoxsa “Ştefan Çveyq” və ya ”Ştefan Tsveyq”?
Əslində bunlardan heç biri! Doğru olan şəxsiyyəti təsdiq edən sənəddə yazılandır - Stefan Zweig! Doğru olan daha bir variant, əlifbamızda olmayan w hərfinin əlifbamızda olan müvafiq hərflə əvəzlənməsidir, yəni Stefan Zveig.
Tanınmış Avstriya yazıçısı Stefan Zweig’ın ad və soyadının yuxarıda sadalanan ilk üç variantını yazıçının “Naməlum qadının məktubu” hekayəsinin İlkin Seyidzadə tərəfindən tərcüməsinin Azadlıq radiosunun “Oxu zalı”nda yayımından və tərcümənin müəllifinin internet səhifəsindən götürmüşəm.
Bir şəxsin ad və soyadının “tərcümə olunması”, bunu etmək bir yana, həm də düzgün (“tərcümə”) olunmaması, üstəlik, eyni bir yazıda iki və daha artıq “tərcümə” variantından istifadəni gördükdən, nəticədə, Azərbaycanda əcnəbi ad və soyadların
Axı alman, ingilis, fransız, amerikan mətbuatı italyan mənşəli Giovanni adını elə Giovanni kimi də verir.
Amma, Azərbaycan mətbuatı bu adı azərbaycanlılaşdırır və ya Azərbaycan dilinə “tərcümə edir” və Covanni yazır.
Şəxs adları xüsusi adlardır və əcnəbi dildə orijinallıq saxlanmaqla yazılmalıdır.
Əcnəbi ad və ya soyadda olan hər hansı bir hərf həmin ad və ya soyadın istifadə olunacağı dilin əlifbasında yoxdursa, müvafiq hərflə əvəzlənə bilər. Bu, əlifbası latın qrafikalı olan dillərə aiddir.
Əlifbası latın deyil, başqa qrafikalı dillərdən (rus, ərəb, gürcü, yapon və s.) olan ad və soyadları yazarkən isə, transkripsiyaya, orfoepiyaya müraciət etməliyik.
Başqa sözlə, bir rus və ya ərəb adını latın qrafikasının hərflərindən istifadə etməklə yaza bilərik.
Məsələn, Vladimir Putin. Bu adı biz Vladimir Putin kimi yazmalıyıq, ingilis Vladimir Putin, fransız Vladimir Poutine kimi yazır, bir almansa, Vladimir Putin (beynəlxalq ingilis) və ya Wladimir Putin (alman) kimi yaza bilər.
Belə ki, rusun kiril qrafikası ilə yazdığı bu adı alman öz əlifbasında yazarkən, alman dilində “f” səsini verən “v” hərfindən deyil, “v” səsini verən “w” hərfindən istifadə edə
bilər.
Amma, məsələn, Victor adını alman elə Victor kimi də yazacaq. Çünki, bu ad latın qrafikalı dildən gəlir, almanın dilinin qrafikası da latındır və adın ibarət olduğu bütün hərflər alman dilinin əlifbasında var.
Bir qayda olaraq, yazarkən orfoqrafiya (düzgün yazılış) qaydalarına riayət olunmalıdır, orfoepiya (düzgün tələffüz) deyil!
Niyə “palkovnik” deyil, “polkovnik” yazırıq, amma “Stefan Zweig” və ya “Stefan
Zveig” deyil, “Stefan Sveyq”, “Ştefan Çveyq”, ”Ştefan Tsveyq” ?
Nəyə görə “prablem” deyil, “problem” yazırıq, amma “Stefan Zweig” və ya “Stefan Zveig” deyil, “Stefan Sveyq”, “Ştefan Çveyq”, ”Ştefan Tsveyq” ?
Yuxarıda nümunə olaraq qeyd etdiyim polkovnik və problem kimi sözlər dilimizə başqa dillərdən keçmə sözlərdir.
Biz həm belə sözlərdən, həm də öz sözlərimizdən istifadə zamanı yazıda orfoqrafik, danışıqda isə orfoepik qaydalara riayət etməliyik və ədəbi səviyyədə edirik.
Ona görə, sual olunur, ad və soyadları yazarkən niyə orfoqrafik deyil, orfoepik qaydalara riayət etməliyik?
Axı alman, ingilis, fransız, amerikan mətbuatı italyan mənşəli Giovanni adını elə Giovanni kimi də verir.
Amma, Azərbaycan mətbuatı bu adı azərbaycanlılaşdırır və ya Azərbaycan dilinə “tərcümə edir” və Covanni yazır.
“Giovanni” adının tərkibindəki bütün hərflər alman, ingilis, fransız, amerikan dillərinin əlifbalarında olduğu kimi, azərbaycancanın əlifbasında da var.
Şəxs adının dəyişdirilməsinə lüzum yoxdur. Şəxs adı danışıqda orfoepik qaydaya riayət olaraq deyilməli, yazıda isə düzgün – orfoqrafik qaydalara uyğun yazılmalıdır.
Deyildiyi kimi yazılmamalıdır.
“John” adı orijinalda olduğu kimi “John” yazılmalıdır, “Con” deyil! Alman dilində “j” hərfi y” səsini verir.
Amma, alman buna görə “John”u “Dschon” eləmir, elə “John” da yazır. Ancaq, məsələn , fransız adı “François“nı “Francois“ kimi yazır.
Alman dilinin əlifbasında “ç” hərfi olmadığından, sözü gedən hərfi, zərurətdən, müvafiq “c” hərfi ilə əvəzləyir.
Bir qədər yuxarıda əcnəbi ad və soyadların dilimizdə hansı səbəbdən orijinalda, rəsmi sənədlərdə olduğu kimi deyil, istədiyimiz kimi yazmağın səbəbini soruşdum.
Düşünürəm ki, bunun ən ciddi səbəblərindən biri məsuliyyətsizlikdir.
Beynəlxalq qaydalara uymamaq, məhdudlaşmaq, bilgisizlik və məsuliyyətsizlik.
Əcnəbi ad və soyadlar Azərbaycanda istənilən şəklə salınır. İstər məişət səviyyəsində, rəsmi sayılmayan ortamda, istərsə də rəsmi səviyyədə, kütləvi informasiya vasitələri tərəfindən!
Aşağıda sadəcə bir nümunədə bu baxımdan durumun nə qədər acınacaqlı olduğunu göstərmək istərdim. Türkiyə Respublikasının baş naziri Recep Tayyip Erdoğan’ın ad və soyadının bizim kütləvi informasiya vasitələrində ən azından on beş formada yazılışı:
Rəcəb Tayyib Ərdoğan (az.apa.az, anspress.com, deyerler.org, ikisahil.com,
azadliq.org)
Rəcəb Tayyib Erdoğan (azadlıqradiosu.az)
Rəcəb Tayyib Ərdoğan (azadliq.info – Azadlıq qəzeti)
Rəcəb Tayib Ərdoğan (deyerler.org, az.apa.az, bizimyol.az, azadliq.org)
Rəcəb Tayip Ərdoğan (deyerler.org)
Rəcəb Təyyub Ərdoğan (azadliq.org – Elxan Şahinoğlu, qaynar.info)
Rəcəb Təyyib Ərdoğan (azadliq.org - Elxan Şahinoğlu)
Rəcəb Teyyub Ərdoğan (mediaforum.az, azadliqradiosu.az, musavat.com,
deyerler.org)
Rəcəb Tayyip Ərdoğan (az.apa.az, azadlıqradiosu.az)
Rəcəb Tayyip Erdoğan (azhumanrights.az, icmal.az)
Rəcəp Tayyip Ərdoğan (azadlıq.info – Azadlıq qəzeti, qafqazinfo.az,
merkez-az.com, xeber.azeri.net)
Receb Tayyib Ərdoğan (xazar.tv)
Recep Tayyib Erdoğan (bbc.co.uk/azeri)
Recep Tayyip Erdogan (azadliqradiosu.az)
Recep Tayyip Ərdoğan (qol.az)
Gülünc deyilmi? Eyni mətbu orqan bir deyil, hətta bir-neçə formada yazır. Sözün əsl mənasında, “necə gəldi”! Axı “Recep Tayyip Erdoğan” ad-soyadında olan bütün hərflər Azərbaycan dilinin əlifbasında var.
Niyə onu tələffüz edildiyi kimi, danışıq dilində deyildiyi kimi, orfoepiyaya riayət etməklə yazırıq? Hansı qaydalara uymaqla? Hansı əsasla? Hansı məntiqlə?
Elə isə, onda bu ad-soyadın müxtəlif formalarda rast gəlindiyi mətnlər niyə tələffüzdən, transkripsiyadan istifadə edilərək yazılmır?
Avropa və Amerika mətbuatı yalnız əlifbalarında olmayan “ğ” hərfini əlifbalarında olan “g” hərfi ilə əvəz edərək “Recep Tayyip Erdogan” yazır.
SSRİ vaxtı dilimizin əlifbası kiril qrafikalı olduğundan, xarici adlar səslənmə forması əsas götürülməklə kiril qrafikasının hərflərindən istifadə edilərək yazılmışdır. Öncə də qeyd etdiyim kimi, müxtəlif qrafikalar üçün bu normaldır.
Hazırda rus adlarını tələffüz formasında latın qrafikasının hərfləri ilə yazmalıyıq. Lakin, bu, latın qrafikalı dillərdən olan ad və soyadlara aid deyil.
Latın qrafikalı dillərdəki ad və soyadları əlifbamızda olmayan müəyyən hərfləri müvafiq olanları ilə əvəzləməklə, olduğu kimi, orijinal, rəsmi yazılış formasında da yazmalıyıq.