BMT-nin qaçqınların işləri üzrə komissarlığı bildirir ki, hər il bir neçə milyon insan belə acınacaqlı vəziyyətə düşür. Onların həm yerli, həm də beynəlxalq qanunlardan faydalanmaq imkanları məhdud olur.
BMT hesab edir ki, heç bir ölkənin sahib çıxmadığı şəxslər hər zaman vətəndaşlığı olmayan şəxs kimi anlaşılmamalıdır.
Hüquqi cəhətdən vətəndaşlığı olmayan insanın vətəndaşlıq almaq üçün də heç bir hüquqi zəmini olmur. Bu halda heç bir dövlət subyektə öz vətəndaşı kimi baxmır.
Faktiki vətəndaşlığı olmayan insan isə hər hansı bir ölkənin vətəndaşıdır. Amma həmin ölkənin hökumətinin müdafiəsindən yararlana bilmir, və ya qorxudan, yaxud başqa səbəbdən öz ölkəsinə qayıtmaq istəmir. Məsələn, qaçqınlar.
MYANMA VƏ AVROPANI BİRLƏŞDİRƏN ƏLAMƏT
BMT-nin qaçqınların işləri üzrə komissarlığı Myanmadan tutmuş, Küveyt, Kenya, Suriya, Nepal, Tailand, Estoniya, Latviya, hətta Avropa da vətəndaşlığı olmayan insanların yaşadığını bildirir.
Məsələn, Myanmanın qərbində “rohingya” etnik qrupu var ki, ölkə əhalisinin əksəriyyətindən fərqli olaraq onlar cənubi Asiya əsilli müsəlmanlardır. 1982-ci ildə Myanmada onların tam vətəndaşlıq ala bilməsinə imkan verməyən qanun qəbul edildi. Buna görə də çoxları Banqladeşə köç etməli olub. Bu gün “rohingya”ların təxminən 800 mini Myanmada, 300 minə qədəri Banqladeşdə, daha çoxu isə Cənubi Asiya, Səudiyyə Ərəbistanı və Pakistandadır. Bəziləri balıqçı gəmiləri və əkin sahələrində kölə kimi işləyirlər.
SƏNƏDSİZ İNSANLAR BİR ÇOX HÜQUQDAN MƏHRUMDUR
Küveyt 1961-ci ildə müstəqillik əldə ediləndən sonra köçəri “Bedouin” tayfaları vətəndaşlıq ala bilmirlər. Ölkə daxilində və xaricində 93-180 min küveytli “Bedouin”li var. Pulsuz təhsil, səhiyyə xidməti və işlərin bir çoxu onlara qadağan edilib. Hökumət onları başqa ölkələrdən gəlmə qanunsuz sakinlər sayır.
Hazırda hökumət əleyhinə nümayişlərin davam etdiyi Suriyada 1962-ci ildə bir çox kürd vətəndaşlıqdan məhrum edilib. Human Right Watch insan haqları təşkilatı bildirir ki, bu qərar ölkəni “ərəbləşdirmək” planının tərkib hissəsi olub. Hazırda Suriyada 30 min vətəndaşlığı olmayan kürd yaşayır.
Avropada isə 70-80 min qaraçı kimi tanınan “roma” var. Çexoslovakiya və Yuqoslaviyanın parçalanması onlara xeyir gətirməyib, parçalanan dövlətlər onların hansısa başqa bir ölkədən gəldiyini deyərək vətəndaşlıq verməkdən imtina edib.
Kosovo və Bosniyada isə müharibə zamanı kütləvi köçürülmələr problem yaradıb. Roma ailələri çox zaman uşaqlarının doğumunu qeydiyyatdan keçirmədiyindən, mülkiyyətlərini sənədləşdirmədiyindən onların haradan olduğunu sübut etmək çətinlik törədib.
AZƏRBAYCANDA VƏTƏNDAŞLIĞI OLMAYAN 1000, YA 10000?
Azərbaycanda da vətəndaşlığı olmayan şəxslər var, rəsmən 1000, qeyri-rəsmi 10 min. Bunu emiqrantlara hüquqi yardım təşkilatının sədri Əlövsət Əliyev deyir. Və qeyd edir ki, Azərbaycanda vətəndaşlığı olmayan şəxslər əsasən 1987-88-ci illərdə Ermənistandan 3-cü ölkələrə gedən və 1998-ci ildən sonra Azərbaycana qayıdanlardır. Onlar başqa ölkənin vətəndaşlığını qəbul etməyiblər, Azərbaycan da onları vətəndaş kimi qəbul etmir.
Həmçinin SSRİ pasportu ilə Gürcüstandan gəlib Azərbaycanda məskunlaşanlar, Orta Asiya və başqa ölkələrdən qayıdanlar sırasındadırlar:
“Əslində Azərbaycan hökuməti Azərbaycanda vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşmüş bütün şəxsləri vətəndaşlığı olmayan şəxs vəsiqəsi ilə təmin etməlidir. Azərbaycan qaunvericliyili fiziki şəxslərin məhdud növünü tanıyır: vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
Çox təəssüf ki, bu gün onların əksəriyyəti sənədsizdir. Sənədsiz olmaq ölü olmaqdır. Əmək müqaviləsi bağlaya bilmir, hətta metrodan istifadə edə bilmir, hüquq yardım üçün vəkillə müqavilə bağlaya bilmir, işə düzələ bilmir, təhsil, tibbi yardım ala bilmir. Bütün hüquqlardan məhrumdur. Yaşayış yeri olmasa “bomj”dur”, deyə Ə. Əliyev bildirir.
Azərbaycan qanunlarına görə, vətəndaşlığı olmayan şəxslərin hüquqları “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanuna əsasən tənzimlənir.