Selincerin məşhur romanı latın qrafikasıyla çap edildi

"Qanun" və "Əli&Nino" nəşriyyatları məşhur Amerika yazıçısı Cerom Devid Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" romanını Azərbaycan dilində latın qrafikasıyla çap ediblər.

"Klassiklər" seriyasından çap edilən romanı ingiliscədən Azərbaycan dilinə Tehran Vəliyev tərcümə edib.

Selincer “Çovdarlıqda uçurumdan qoruyan” romanını 1951-ci ildə qələmə alıb.

Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır.

Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanaraq XX əsrin ikinci yarısında dünya ədəbiyyatına əhəmiyyətli təsir göstərib.

Selincer “Çovdarlıqda uçurumdan qoruyan” romanı üzərində doqquz il işləiyb.

Amarika yazıçısı Cerom Devid Selincer (1919 – 2010) hələ gənc yaşlarından, Pensilvaniyada hərbi məktəbdə təhsil aldığı illərdə məktəb qəzetlərində köşə yazarı kimi çalışmış, bir müddət sonra isə o, hekayələr yazmağa başlamışdır.

Yazıçının ilk əsəri “Gənc adamlar” hekayəsi 1940-cı ildə işıq üzü görüb.

Ona dünya şöhrətini qazandıran əsəri isə 1951-ci ildə yazdığı yeganə romanı “Çovdarlıqda uçurumdan qoruyan” olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılıb.