Nərmin Hüseynzadə
HƏR YERDƏ DARIXMAQ
Atam hər dəfə evdən çıxanda “hara gedirsən” sualını ona mən verərdim. Cavabı eyni olurdu. Gülümsəyib, “gələcəm” – deyirdi.
Qulağımız belə öyrəşmişdi, atam qapıdan içəri girən kimi mütləq mənim adımı çağırırdı. Hətta evdə olmasam da.
Bu onun vərdişinə çevrilmişdi. Gün gəldi, bizi – bacımla məni təhsil almaq üçün paytaxta göndərdilər.
O vaxtdan da “hara gedirsən” sualını bacıma verməyə başladım. Amma cavab heç vaxt istədiyim kimi olmadı.
Böyük bacım, guya bunu etməyə borcluymuş kimi, gün ərzində gedəcəyi yerləri sadalayırdı mənə.
Sonda, ən sonda da olsa, “gələcəm” deyib məni rahatlatmırdı. Hər dəfə qapımız açılanda adımı eşitmədiyim gündən darıxmağa başladım.
GEDİŞİM mənə səhərlər özüm durmağı, yeməyimi hazırlamağı, paltarlarımı yumağı, bir də darıxmağı öyrətdi...
***
Otelin pəncərəsindən küçəyə baxırdım. Soyuq idi. Elə darıxırdım ki! Aşağı düşüb bir az kompüterlə başımı qatmaq qərarına gəldim.
Liftin qapısı açılan kimi, həmişə gülər üzüylə qarşılaşdığım Müsyönü bu dəfə divara söykənib dayanan vəziyyətdə və qəmli gördüm.
Məni görəndə gülümsədi. Təzim edirmiş kimi, əlini sinəsinin üstünə qoyub nəsə istəyib-istəmədiyimi soruşdu.
Mən də gülümsədim, amma içimdə acıdım ona. Bilirdim ki, həmin an gülümsəmək istəmirdi, amma məcburdu – işi belə tələb edirdi.
Bircə gün əvvəl fikirli dayanıb müştərinin sualına gec cavab verdiyi üçün bir həyasız fransız qadını ondan şikayət eləmişdi.
O hardan biləydi ki, onun bu yalançı gülüşü məni həqiqi, kədərli simasından daha çox ağrıdacaq. İçəri keçib kresloda əyləşdi.
Yanında oturdum. İcazəsiz-filansız, eləcə oturdum. Və başladıq danışmağa, hərəmiz öz dilimizdə. Ona hamıdan danışırdım, hər kəsdən, hər şeydən.
İlk dəfə kimsə məni bu qədər diqqətlə dinlədi, özü də anlamadan. İlk dəfə bu qədər rahat danışırdım. Gözünü üzümə zilləmişdi, çaşqındı...
Sonra o da başladı danışmağa. Səsinin tonundan anladım, bildim nədən danışır, nə demək istəyir – o da darıxırdı...
Otağıma qalxıb rəfiqəmə mesaj yazdım: “Darıxıram, rədd olsun bütün uzaqlar!”Cavab bir az təəccübləndirdi məni: “Fransada da adam darıxar?”
Bu sözü bir dəfə mən də yazmışdım İstanbulda yaşayan başqa bir rəfiqəmə. Hə, darıxarmış. Adam hər yerdə darıxa bilərmiş. GEDİŞİM mənə bunu öyrətdi...
***
Kəndə babamgilə bayram ziyarətinə getmişdim. Yolda adamlara baxa-baxa düşünürdüm ki, darıxmağın düsturu onların yaşam tərzidi.
Heç bir əyləncə yox, asudə vaxtlarını keçirməyə yer yox. Nənəmin qəbrini ziyarət etməkçün qəbiristanlığa yollandıq.
Böyük dəmir qapıların qabağında bir sürü bəzəkli-düzəkli gənc qız və onlardan bir az aralıda dayanan cavan oğlanları görəndə təəccübdən gözüm bərəlmişdi.
Sonra öyrəndim ki, onların bir-birlərini bəyənmək üçün toydan və qəbiristanlıqdan başqa yerləri, həm də şansları yoxmuş. Geriyə, babamgilə qayıtdım.
Ora-bura vurnuxurdum. Hərə öz işindəydi. Biri təndirin başında, biri kürənin yanında, biri toyuq-cücənin, biri mal-qaranın... Heç kimdən “darıxmaq” sözünü eşitmədim ki, eşitmədim.
Yaşı 50-ni haqlamış Çiçək xalaya yaxınlaşdım. İşindən ayırmadan söhbətə çəkdim. Başını bir az qaldırıb irişə-irişə üzümə baxdı: “Özünlə kitab gətirməmisən gələndə?”
Təəccüblə, nə kitabı istədiyini soruşdum. “Şeir kitabı, bayatı kitabı. Amma içindəkilər sevgidən olsun” – dedi.
Bu 19 yaşımda dilimin əzbəri olan bütün bədbin şeirləri xatırladım. Dəli gülmək tutdu məni.
Təndirin başında, yaşının 50-sində, az qala nəvələrinin sevgi şeiri oxumaq vaxtı gələn birinin nəyinə lazım idi o kitablar? Sonra hər şeyi mənə danışdı.
Sən demə, əri işləmək üçün paytaxta gedibmiş. Hər axşam ikisinin də işi bitəndən sonra telefonla bir-birinə şeirlər, bayatılar oxuyurlarmış.
Qadın necə həyat doluydu, necə mutluydu, bir görəydiz! Əlindəki qaramtıl ləkələri, dərisindəki çatları heç vecinə də almırdı.
Artıq cavabını bildiyim bir sual verdim ona. “Darıxmırsan?” – soruşdum.
Barıt kimi partladı üstümə. “İraq olsun, niyə darıxım? Nəvələrim, uşaqlarım, ərim, kənddə təmiz adım, ev-eşiyim, mal-qoyunum, toyuq-cücəm...
Niyə darıxmalıyam axı? Allah qənim olmaz mənə, darıxsam? Bayquş darıxar bala, naşükür darıxar. Allahın cəza verdiyi yalqız adamlar darıxar. Mənə noolub?”
Qınamadım onu bu sözləri deyəndə, acığım tutmadı. Hardan biləydi ki, mən indi dünyanın ən çox darıxan adamıyam.
İlk dəfəydi, qorxduğu üçün darıxmayan adam görürdüm...