«İSTİNTAQA YUXARILARDAN TƏZYİQ OLURDU»
- Sizi Milli Məclisin eks-spikerinin nazirə «tapşırması» akademik Ziya Bünyadovun qətlinin istintaqı ilə bağlı olub?
- Bəli. Əməliyyat istintaq qrupundakı prinsipiallığım ilə bağlı olub.
- Ziya Bünyadovun qətlindən bir qədər əvvəl Murtuz Ələsgərovun parlamentə sədr gəlmək məsələsi vardı. Onda Ziya Bünyadov demişdi ki, Murtuz Ələsgərov parlament sədri olsa, kül mənim başıma. Sizcə, «tapşırılmağınız» nəylə bağlıydı? Bu işin obyektiv aparılmasından ehtiyat edirdilər, yoxsa?...
- Ona yaxın bəzi polis əməkdaşları olub ki, biz onlarla bağlı istintaqa ciddi məlumatlar təqdim etmişik.
«MİSAL VAR, SOĞAN YEMƏMİSİZ, İÇİNİZ NİYƏ GÖYNƏYİR?»
- Ziya Bünyadovun qətliylə bağlı?
- Bəli. Misal var, soğan yeməmisiz, içiniz niyə göynəyir? Məni uzun illərdir niyə təqib etdirirsiz?
- Siz deyirsiniz ki, Murtuz Ələsgərova yaxın olan bəzi polislərlə bağlı istintaqa tutarlı faktlar təqdim etmisiniz. Həmin dövrdə həqiqətən də eks-spikerə yaxınlığı ilə seçilən yüksək çinli bir polis məmuru istintaqa cəlb edilmişdi. Hətta o, həbs edildi, məhkəməsi oldu. Sonradan azadlığa çıxan həmin şəxs ancaq rəsmən başqa məsələlərdə ittiham edilirdi. İstintaqa cəlb edildi, bir müddət həbsdə yatdı, məhkəməsi oldu və sonra da buraxıldı. Belə çıxmırmı ki, Ziya Bünyadovun qətli ilə bağlı istintaqın imkanları məhdudlaşdırılıb?
- Bu, sıradan qətl deyil. Akademikin, hamının sevimlisi olan millət vəkilinin, Sovet İttifaqı Qəhrəmanının, YAP sədri Heydər Əliyevin müavininin qətli idi. Tam obyektiv araşdırmaq üçün şərait yaradılmalıydı. Amma istintaqa təzyiqlər olurdu.
- Kimlər tərəfindən?
- Rəhbərlik tərəfindən. Hətta mən deyərdim nazirdən də yuxarı səviyyədə. O zaman Baş prokuror Eldar Həsənov işdən azad edildi. Onun çıxarılması bu qətlin üstündə ciddi işləməsinin nəticəsiydi.
ZİYA BÜNYADOV ÖLDÜRÜLƏNDƏ MURTUZ ƏLƏSGƏROVUN KÖMƏKÇİSİNƏ KİM ZƏNG VURUB?
Biz məlumat yığır, şahidlər dindirirdik. Hətta Murtuz Ələsgərovun köməkçisi də dindirilmişdi. Ziya Bünyadov qətlə yetirilən an həmin yüksək çinli polis məmurundan Murtuz Ələsgərovun köməkçisinə zəng olmuşdu. Yəni, belə bir hadisə baş verdiyi Murtuz Ələsgərova çatdırılmışdı. Bu haqda istintaqa ifadə verilmişdi.
AFİYƏDDİN CƏLİLOVU NİYƏ AVTOMATLA VURDULAR?
- Bu qətllər açıqdır. MTN-in sabiq müstəntiqi Ramin Nağıyevin mətbuatdakı yazıları da bunu göstərdi. Bir misal çəkim. Qətllərdən birində Mahir Cavadovun sürücüsü Elçin Əliyevdən istifadə ediblər. Onun avtomobilini döyüşdə tanış olduqları Andi adlı bir şəxs müvəqqəti götürür, hadisə yerinə gedir, orda da iz buraxır, Şəmsi Rəhimovu qətlə yetirib uzaqlaşır. Bir neçə saatdan sonra müəyyən edilir ki, bu, OMON-çunun maşınıdır. Kim öz avtomobilini verər ki, qətl yerinə aparılsın? Kim hadisə yerinə nömrə nişanı üstündə olan, avtomobillə gedər?
- Həmin Andi adlı şəxs Hacı Məmmədovun dəstəsinin üzvüydü?
- Bəli. Bu əvvəldən planlaşdırılmış iş idi, məqsəd günahı OMON-un üstünə atmaq idi. Afiyəddin Cəlilovu istənilən yolla öldürmək olardı, amma avtomat silahı seçdilər. OMON-çular həmişə avtomatdan istifadə edirlər deyə. Hadisə baş verir, bir neçə saat sonra baş prokuror televiziyaya çıxır ki, qətllər OMON tərəfindən törədilib. Bu da şübhələr yaradır ki, ortada plan var.
«MTN-İN YARISI BU HAQDA MƏLUMATLIDIR, ÜSTƏGƏL...»
- Siz mətbuata demisiz ki, Hacı Məmmədov tutulanda Ziya Bünyadova atəş açılan silah onun üstündə olub.
- Bəli. Demək olar MTN-in yarısı bu haqda məlumatlıdır. Üstəgəl, bu silah qeydiyyatdan keçib, ekspertiza mərkəzinə gedib, ordan rəy alıb. Yəni, bir neçə əldən keçib. Bunu gizlətmək olmaz. Mən bu haqda bir aydır açıqlama vermişəm.
- Amma rəsmilər onu təkzib etməyiblər?
- Təkzib edilə bilməz. Bu, MTN-in nüfuzuna böyük zərbə olar. Bu silahı, rəyi danmaq mümkün deyil.
- Belə çıxır ki, Hacı Məmmədovun məhkəməsində bəzi işlərin üstündən bilərəkdən keçiblər?
- Bunu vəkil Adil İsmayılov da deyib. O da açıqladı ki, bir neçə cild yoxa çıxıb.
«CEYŞULLAHDAN İZ İTİRMƏK ÜÇÜN İSTİFADƏ EDİBLƏR»
- Sizdə məlumat varmı ki, hansı cildlər yoxa çıxıb?
- Müəyyən versiyalarım var. Etibar Erkini (Azərbaycan Ekstrasenslər Birliyinin sədri) götürək. Bu adamı Ceyşullahın öldürdüyünü deyirlər. Ceyşullah Allahın qoşunu deməkdir. Bunların Etibar Erkinlə hər hansı problemi olubsa, onu istənilən vaxt və yerdə qətlə yetirərdilər. Amma Allahın adından hərəkət edən təşkilat onun iki oğlunu necə qətlə yetirə bilərdi? İkincisi, adətən qapını tanıdığına açırsan. Və ya polisə... Başqa məsələlər də var. Mən ikisini dedim sadəcə. Hacı Məmmədovun dəstəsinin törətdiyi cinayətlərin üslubu ilə Etibar Erkinin qətlə yetirilməsi üslubu yüzdə yüz üst-üstə düşür. Mən bu qətldə Hacı Məmmədovdan şübhə edirəm. Ola bilər Ceyşullahdan da iz itirmək üçün istifadə diblər...
«CON ELVİSİN QƏTLİNİN AÇILMAMASI ŞÜBHƏLƏR YARADIR»
- ABŞ-ın Respublikaçılar İnstitutunun Bakı bürosunun rəhbəri Con Elvis də qətlə yetirildi. Həmin qətldə də dəsti-xətt eynidirmi?
«ZİYA BÜNYADOVUN QƏTLİNDƏN SONRA AZƏRBAYCAN ZİYALISI QORXU ŞOKUNDAN ÇIXA BİLMİR»
- Ağır qətllərdə bir məqam həmişə diqqət çəkir. Güllələrdən biri qətlə yetirilənin ağzından vurulur. Ziya Bünyadovda da belə olub, Elmar Hüseynovda da. Səbəb nədir?
- Qətlə yetirilənlərin həmişə şəxsiyyətlərini araşdırmaq lazımdır. Götürək Afiyəddin Cəlilovla Şəmsi Rəhimovu. Ondan başlayaq ki, Afiyəddin Cəlilovla bağlı Azərbaycanda yayılmış şayiələrin əsası yoxdur. O, yeganə insandır ki, Naxçıvanda Ali Sovetin sədri seçilərkən saxtakarlığa yol verilməyib. Orda böyük nüfuzu olub. Afiyəddin Cəlilov bir çox məsələlərlə razılaşmayıb. Rəhbərliklə problemləri olub. «Bişkek protokolu»na imza atmayıb. Qanunsuzluqlara, korrupsiyaya etirazını bildirib.
Misal var - bir gülləylə iki dovşan. Amma bu dəfə bir gülləylə, lətifəsi onlardan uzaq, beş dovşan vurdular. Yəni, bundan istifadə edib OMON-u məhv etdilər. Hakimiyyət OMON-u özünə təhlükə görürdü. Rövşən Cavadovun, OMON-nun məhvi, Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun, Ziya Bünyadovun qətlə yetirilməsi avtoritar rejimin təməlini qoydu. Onun qorxu şokundan Azərbaycan ziyalısı hələ də çıxa bilmir. O güllələr onların timsalında xalqa atılıb. Bu hadisələrdən sonra bir ziyalı da çıxıb sözünü deyə bilmir. Axır zamanlar bir az Rüstəm İbrahimbəyov o buzu sındırdı.
- Yəni buna görə də güllə onların ağzından atılırdı?
- Bəli. Ziya Bünyadov, Rövşən Cavadov, Afiyəddin Cəlilov həyatda olsaydılar, Azərbaycan bu faciələri yaşamazdı.
DOSYE
Salman Əliyev 1961-ci ildə Yevlaxda doğulub. Ukraynada Milis Məktəbini bitirib. Həmin məktəbdə kabinet rəisi vəzifəsində işləyib. İki il Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edib.
Daxili işlər naziri Məhəmməd Əsədovun zamanında Azərbaycana işləməyə gəlib.
Naxçıvan MR DİN-də baş əməliyyat müvəkkili işləyib.
Prezidentin nəzarətində olan ağır cinayətlərin açılmasında iştirak edib.
Heydər Əliyev 2002-ci ildə onu «İgidliyə görə» medalı ilə təltif edib.