Rıtsar yazıçı

Babək Yusifoğlu

BABƏK YUSİFOĞLU


Dünyanın bir qisim ədəbiyyatşünasları, ədəbi tənqidçiləri deyirlər ki, yazıçı üçün əsas məsələ nəyi yazmaqdır.

Amma elələri də var ki, onlara görə nəyi deyil, ən əsas necə yazmaqdır.

Əlbəttə, ilk baxışdan bu yanaşmaların hər ikisi də özü-özlüyündə doğru görünür və bunlarla razılaşmamaq olmur.

Əslində isə bunlar da düz deyil. Məncə, ən doğru olanı odur ki, həm nəyi yazmaq, həm də necə yazmaq biri-birindən ayrı tutulmasın.

Və bunun dünya ədəbiyyatında saysız-hesabsız örnəkləri, misalları var. Nizaminin qələmə aldığı "Leyli və Məcnun"dan, Misir fironlarından, Spartak üsyanından bəhs edən əsərlərdən tutmuş bu günümzü əks etdirən saysız ədəbi nümunələrədək çox əsərin adını sadalamaq olar.

Yalnız onu qeyd etmək lazımdır ki, burada ən əsas şərt yazıçının təxəyyülü,

O, yerli xalqlara Avropanın müxtəlif imkanlar apardığı düşüncəsində idi.

Haqqardın 1913-cü ildə qələmə aldığı "Qasırğanın övladı" romanında "güclü tərəf", koloniyaçılıq müsbət çalarlarla təsvir edilmişdir.
istedadı, mövzuya yanaşma üslubudur...

Etiraf etmək lazımdır ki, "Leyli və Məcnun"dan, Spartak üsyanından, Misir fironlarının, Kleopatranın həyatından... 30, 40, hətta 50-dək müəllif yazsa da yenə Məhəmməd Füzulinin, Rafael Sabatininin, Prusun, Henri Haqqardın... həmin mövzularda yazıb-yaratdığı bədii əsərlər insanların ürəyini daha mükəmməl fəth etmiş, oxucular tərəfindən daha çox sevilmişdir. (Füzuli dühası haqda nəyisə izah etməyə əşhədü ehtiyac yoxdur).

Şəxsən mən Haqqardın "Kleopatra" əsərini oxumağa başlarkən inanmırdım ki, bir ingilis Şərqdə çox məşhur olan bir tarixi şəxsiyyətin həyatından yazdığı bədii əsərlə məni minilliklərin dərin qatınadək endirə bilər, mənə o dövrdəki insanlarla bərabər bir zaman yaşada bilər.

Amma oldu... Yazıçılıq, bədii təxəyyül məhz budur...

HENRİ

Əslində Henrinin öz şəxsi həyatı da bir bədii əsərdəki kimi maraqlı olmuşdur.

O, yeniyetməlik yaşından öz vətənini tərk edərək çox-çox uzaqlara getmək məcburiyyətində qalmış, gəncliyin ona etdiyi acı sürprizləri yaşamışdır...

Gəlin çox tələsməyək, sonradan çox istedadlı, məşhur yazıçı səviyyəsinə yüksələn bu insanı daha əvvəldən tanımağa çalışaq. Tam adı Henri Rayder Haqqard olan körpə Böyük Britaniyada Norfolk qraflığının Bradenem şəhərində anadan olmuşdur.

1856-cı ilin 22 iyununda dünyaya gələn uşaq övladlar sırasında səkkizinci idi. Ancaq sonuncu da deyildi.

Belə ki valideynlərinin ondan sonra daha iki övladı dünyaya gəlmişdi.

Elə uşaqlıqdan həm bacı-qardaşlarından, həm də məhəllədəki digər həmyaşıdlarından xarakterinə görə fərqlənən Henri Rayder kiçik yaşlarından həyata qəribə xəyyallar quraraq baxırdı.

Çox zaman özünə qapılar, gizli düşüncələrində yaşardı. Bəlkə də elə bu daxili keyfiyyətlərinə görə idi ki, o, çox erkən yaşlarında sevginin tamını daddı.


Henry Rider Haggard

Amma bu erkən sevgi Henriyə yalnız əzab yaşatdı. 19 yaşına çatar-çatmaz Henri artıq qonşuluqda yaşayan Lili Ceksona vurulmuşdu.

Bütün aşiq olan gənclər kimi o da həyatını sevdiyindən ayrı təsəvvür edə bilmirdi.

Lakin Henri onu da bilmirdi ki, atası Uilyam Haqqard bu sevgiyə uşaq həvəsi kimi baxaraq gənclərin belə tez evlənməsinə razılıq verməyəcək.

Hətta bu işi nöqtələmək üçün oğlunu uzaq bir ölkəyə - Cənubi Afrikaya göndərəcək.

AFRİKADA... MƏMURLUQ

Henri Haqqard Cənubi Afrikanın Natal vilayətinin qubernatoru Henri Bulverin katibi vəzifəsində çalışmağa başladı. İşi onun üçün elə bir çətinlik yaratmasa da, o mənən əzilmişdi.

Çünki atasının zənn etdiyi kimi Henri Lilini yalnız gənclik həvəsi ilə deyil, bir ömürlük sevmişdi və bu da ona çox mənəvi əzablar yaşatdı.

Özü də onun kimi həssas duyğulara malik bir insan üçün bu çox çətin idi. Amma...

Amma zaman hansı yaraları sağaltmır ki? O da vaxt ötdükcə, özünü işə verdikcə yarasını qapatmağa nail oldu.

Bir də ki, onun bacarığı, üstəgəl aqronomluq sahəsi üzrə hüquqşünas olması qısa müddət ərzində Henriyə kifayət qədər işgüzar bir imic qazandırdı.

Artıq ona öz sahəsinin bilicisi, bacarıqlı bir mütəxəssis kimi baxırdılar.

Bundan başqa, Afrika həyatı, oranın ekzotik təbiəti Rayder Haqqarda həm də şəxsi azadlığını hiss eədəcək qədər sərbəstlik, dünyagörüş verməyə başlamışdı.

O, bu ecazkar ölkəni bacardıqca çox gəzməyə çalışır, hər şeylə ilgilənir, insanların həyatını, həmin yerlərin tarixini daha yaxından öyrənməyə çalışır, digər ingilislərdən fərqli olaraq yerli insanların həyat tərzi, keçmişi, əfsanələri, adət-ənənələri ilə sıx-sıx maraqlanırdı.

Məhz bu sonsuz marağın sayəsində Henri çox qısa bir zaman içərisində yerli əhalinin - zulusların dilini öyrəndi.

1878-ci ildə Henri Haqqard Transvalın Ali Məhkəməsinin rəhbəri və qeydiyyatçı vəzifəsinə təyin edildi. Bu, gənc bir insan üçün böyük vəzifə olsa da Henri üçün belə deyildi.

Çünki o bu vəzifədə bir il çalışdıqdan sonra - 1879-cu ildə həmin kürsüdən istefa verərək işdən çıxdı, bundan sonra vətəninə qısa müddətli səyahət etdi.

Məqsədi də yaxınlarını görmək, bəzi işlərinə düzən vermək, həyatı haqqında müəyyən qərara gəlmək idi. İş elə gətirdi ki, Henri Haqqard nəzərdə tutduğu bütün işlərini yerinə yetirdi, hətta evlənməyə də macal tapdı. Amma Britaniyada çox qalmadı. Artıq alışdığı yerlər onu geri çəkirdi.

1890-cu ilin sonlarında Haqqard bu dəfə Natala arvadı ilə bərabər döndü, orada özünün fermer təsərrüfatını yaradaraq bu işlə məşğul olmağa başladı.


"Mayvanın intiqamı" əsərinə illüstrasiya

Lakin onun bu məşğuliyyəti çox uzun müddət davam etmədi. Henri ferma işlərindən əl çəkdi.

Hətta Afrikada bundan sonra yaşamağa davam edə bilməyəcəyini gördü.

İndi o, doğulduğu yerlərə dönməyi düşünürdü.

YENİDƏN VƏTƏNDƏ VƏ "KLEOPATRA"NIN "DOĞULMASI"...

1881-ci ilin sentyabrında təkrarən geriyə - İngiltərəyə qayıdan Henri həmişəlik vətənində yaşamağa qərar verdi.

Bir neçə il sonra özünü daimi işlə təmin etmək məqsədi ilə imtahan verərək vəkilliyə başladı.

Amma kənardan fərqli görünsə də, Haqqard vəkilliyi də davam etdirmədi. O bütün daxili ilə hiss edirdi ki, bu məşğuliyyət də ona görə deyil.

Henri əslində çoxdan yazmaq, içinə yığdığı "yükləri" yazıya köçürmək arzusundaydı.

Və birdəfəlik özünü bu sevdaya həsr etmək qərarını verdi.

Bu zaman onun zəngin təcrübəsi, gördükləri, yaşadıqları onun ən etibarlı, ən yaxın "məsləhətçisi" oldu. İlk dövrlər qələmə aldıqları daha çox macəra üslubunda idi.

Bir çox əsərlərinin qəhrəmanı olan Allan Kvotermeynin macəra dolu həyatı, təsvir edilən hadisələr, şahidi olduğu gercəklərin təsviri... oxucular tərəfindən çox böyük maraqla qarşılandı.

Belə demək mümkünsə, səmimi bədii dilə malik müəllif oxucularla elə ilk "görüşündəcə" özünə kifayət qədər böyük rəğbət yarada bildi. Onun üçün ilk uğur qazanılmışdı...

Oxucular daha tutarlı, daha möhtəşəm əsərləri çox gözləyəsi olmadılar.

1885-ci ildə çar Saloman haqqında yazdığı roman, daha sonra - 1889-cu ildə ərsəyə gətirdiyi "Mayvanın intiqamı" əsəri hər kəs tərəfindən böyük maraqla qarşılandı. İndi çoxları ədəbiyyat aləminə yenicə gəlməkdə olan bu gənc yazıçı haqqında danışmağa başlamışdı.

Amma bunlar Haqqard istedadının hamısı deyildi.

Elə həmin il müəllifin tamamladığı "Kleopatra" əsəri demək olar ki, oxucuları məftun etdi.

Həqiqətən də bu belə idi. Məncə tarixdə kifayət qədər məşhur şəxsiyyət olan, əvvəldə qeyd etdiyim kimi, haqqında çoxlu sayda bədii əsərlər yazılan Kleopatra bir obraz kimi Haqqardın qələmində daha maraqlı, daha canlı, daha bədii çalarlarla təsvir edilib.

Yazıçı əsərdə ənənəvi üslubdan kənara çıxaraq dövrün, tarixi obrazlarını daha dinamik, daha xarakterik çalarlarla verməyi bacarmış, romanı dramatik hadisələrlə zənginləşdirmişdir.


Kleopatranın kiçik heykəli. 1-ci əsrin ikinci yarısı

Əsərin daha gerçək təsir bağışlaması üçün yazıçının seçdiyi ədəbi priyomlar diqqətəlayiqdir.

Belə ki, roman guya müəllifin qədim Misir mumyalarının qəbrindən tapdığı papirus üzərində yazılmış mətnin vasitəsi ilə nəql olunur.

Real tarixi şəxslərin - Kleopatranın, Roma sərkərdəsi Antoninin... və o dövrdəki yerlərin təsviri, iştirakı romana xüsusi rəng verir.

Məhəbbət, dostluq, intiqam, gizli çəkişmələr, döyüş səhnələri... istedadlı yazıçı tərəfindən məharətlə qələmə alındığındadır ki, "Kleopatra" işıq üzü görəndən sonra dünyanın bir çox böyük dillərinə tərcümə edildi. Yeri gəlmişkən, əsər rus dilində də nəşr olunub.

Belə demək mümkünsə, Henri Haqqardın "Kleopatra"sını rekord tiraja malik əsərlər sırasına aid etmək olar. Antoni, Qarmaxis, Xarmion, Kvint Delliy... obrazlarının hər biri özünəməxsus xarakterik xüsusiyyətləri ilə təsvir edilib ki, oxucuya elə gəlir onları lap yaxından tanıyır.

Və əsər müəlliflə başladığı kimi, gözlənilmədən də sona yetir. Lakin roman gözlənilmədən sona çatsa da oxucu üçün aydın olmayan heç nə qalmır.

YENİ HƏYAT HEKAYƏLƏRİ

Yazıçının bir il sonra yazdığı "Dünyəvi arzu" kitabı, 1891-ci ildə vikinqlərdən bəhs edən "Erik Svetlooki" epik romanı onun şöhrətinin üzərinə şöhrət gətirdi.

Məhz bu uğurları yazıçını yeni yaradıcılığa, yazmağa daha da həvəsləndirirdi.

Və onun zəngin təəssüratı, səyahətləri, ekzotik yerlərdə gördükləri, dərin mütaliəsi və həyat fəlsəfəsi kifayət edirdi ki, Haqqard hər dəfə oxucuların hüzuruna biri-birindən maraqlı əsərlərlə gəlsin.

Belə ki, ardıcıl olaraq yazdığı "Montesumların qızı", "Dumanın insanları", "Dünyanın ürəyi", "Cadugər"... əsərləri də böyük rəğbətlə qarşılandı.

Belə hesab etmək olar ki, Henri Haqqard ingilis romançılıq məktəbinin istedadlı nümayəndəsi kimi tanınmaqla yanaşı onu həm də bu ənənlərə yeni nəfəs gətirən bir yazıçı hesab etmək olar.

Onun tarixi hadisələri yeni fəlsəfi mülahizə ilə ifadə etməsi, mistikanı, macəraçılıqla, həyat reallığını 19-cu əsr ictimai şüuru ilə sintezinə nail olması Haqqard yaradıcılığına xüsusi bir özəllik gətirmişdir.

Qəribədir ki, həyatdan qaynaqlanan hadisələrdə fantastik elementlərin, itirilmiş dünyanın, qədim, sirli sivilizasiyaların, arxaik kultun ölməzliyi və ruha yerləşməsinin yazıçı təxəyyülü ilə təsviri dövrün bəzi ədəbiyyatşünasları tərəfindən tənqidlə qarşılanmışdı.

Amma yazıçı öz düşüncələrində haqlı olduğuna inandığı üçün öz qayəsindən vaz keçməmişdir və oxucu sevgisi, oxucu rəğbəti göstərdi ki, Haqqard mövqeyində haqlı imiş.

Əslində onun bütövlükdə Avropa nəsrində bir ilkə imza atdığını qeyd etmək gərəkdi.

Belə ki, Henri Haqqard yaradıcılığı ilə həm də fantaziya janrının bünövrəsini qoydu. Avropanın, hətta dünyanın bu janrda yazan bir çox yazıçıları məhz ondan bəhrələndilər.

Lakin bütün bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki, özünün azad düşüncələri ilə yanaşı Henri Rayder Haqqard Böyük Britaniyanın imperiya siyasətinə qarşı deyildi.

O, yerli xalqlara Avropanın müxtəlif imkanlar apardığı düşüncəsində idi.

Haqqardın 1913-cü ildə qələmə aldığı "Qasırğanın övladı" romanında "güclü tərəf", koloniyaçılıq müsbət çalarlarla təsvir edilmişdir.

Bu da çox güman ki, geridə qalmış xalqların ağır həyat şəraitlərindən necə qurtulması yollarını yazıçının bilməməsindən qaynaqlanırdı.

Ola bilərdi ki, bunun tamam başqa səbəbləri də vardı.

Lakin bir şey aydın idi: Henri Rayder Haqqard qəlbən bir yazıçı idi. Özü də böyük istedada malik bir yazıçı.

Nahaq yerə o, dünya macəra ədəbiyyatının klassiki adını qazanmayıb.

Henri Rayder Haqqardın yaradıcılığını dəyərləndirərkən onun sənətkarlıq və digər xüsusiyyətləri ilə bərabər məhsuldar bir müəllif olduğunu mütləq qeyd etmək lazımdı.

Həm də Haqqardın yaradıcılığı heç də bədii əsərləri ilə məhdudlaşmırdı.

Belə ki, Henri Rayder həm də mütəmadi publisistikayla məşğul olan bir jurnalist olmuşdur.

Daim dövrün aktual məsələlərindən bəhs edən yazılarla çıxış etmişdir. Əslində isə heç bunlarla da onun fəaliyyəti bitmiş deyildi.

SİYASƏT YOLLARI...

Yazmaqdan yorulmaq bilməyən Henri Haqqard işləməyi, təsərrüfatda çalışmağı
Henry Rider Haggard

da çox sevərdi. Məhz bu üzdən də yaradıcılığı ilə bərabər fermer təsərrüfatı ilə də, torpaqla da yaxından məşğul olurdu.

Lakin yazıçını ictimai problemlər, fermerçilikdə baş qaldıran çətinliklər daha çox sıxmağa başlamışdı.

Həm də sənayenin inkişaf edərək kənd təsərrüfatını getdikcə sıxışdırmasını heç cür həzm edə bilmirdi.

Buna görə də var gücü ilə çalışırdı ki, fermerçilik ölkədə məhv olmasın.

Bütün bunlara rəğmən belə demək mümkündü ki, həyatının son iki onilliyini Haqqard ölkənin siyasi həyatına həsr etdi.

Paytaxtda gedən siyasi proseslərə aktiv şəkildə qoşuldu.

Hətta onun bu fəaliyyəti o həddə qədər gəlib çatdı ki, Henri 1895-ci ildə ölkənin parlament seçkilərinə də qatıldı.

Çünki o öz sözünü siyasətdə, rəsmi dairələrdə də demək istəyirdi. Amma bəzi səbəblər üzündən Haqqard seçkilərdə uduzdu.

Lakin o asanlıqla pəs edən şəxslərdən deyildi. Parlamentə seçilməsə də hökumətin kənd təsərrüfatı və koloniyalarla bağlı komissiyalarının fəal iştirakçı oldu, məsləhətçi kimi çalışdı.

Bu sahədə Afrikada yığdığı təcrübə onun köməyinə çatdı.

Henri Rayderin həmin işində ciddi başarıları, uzun illər göstərdiyi çabaları hakimiyyətin də diqqətindən kənarda qalmadı və onun xidmətləri hökumət tərəfindən dəyərləndirildi.

Belə ki, 1912-ci ildə Britaniya imperiyası naminə göstərdiyi xidmətlərə görə Henri Haqqard rıtsar (cəngavər) adına yüksəldildi. Bu həqiqətən yüksək ad sayılırdı.

Onun üçün bu da hamısı deyildi. Gördüyü işlərin heç birinə məsuliyyətsiz, ürəksiz yanaşmağı bacarmayan Henri Haqqard Britaniya qarşısında xidmətlərini davam etdirdi və 1919-cu ildə Britaniya imperiyasının ordeni ilə də təltif olundu.

Artıq o, çox hörmətli, ser Henri Rayder Haqqard idi...

EKRANA KÖÇƏN MÜƏLLİF... VƏ SON

Məncə, bunu demək yerinə düşər ki, Henri Haqqard siyasətlə sıx məşğul olsada, hökumətlə nə qədər yaxından əməkdaşlıq etsə də, titullar qazansa da, o, yazıçı olaraq qalırdı.

Yuxarıda adlarını çəkdiyim əsərlərindən savayı Haqqardın çoxlu sayda romanları var ki, məhz həmin əsərlər sayəsində o, dünyada məşhurlaşdı, yazdıqları əldən-ələ gəzdi, müxtəlif dillərdə oxundu, yazıçıya şöhrətin tamını daddırdı. "Gözəl Marqaret", "Mari", "Əbədi məhəbbət", "Gölün xəzinəsi", "Müqəddəs çiçək", "Aişənin macəraları"... və neçə-neçə biri-birindən maraqlı kitabları...

Əsərlərinin belə məşhurlaşması heç şübhəsiz ki, həmin zamanların rejissorlarının da diqqətindən kənarda qala bilməzdi. Henri Haqqarda müxtəlif təkliflər gəlməyə başlamışdı.

Və o da əsərlərinin ekranlaşdırılmasına qarşı deyildi. Yazıçının əsərləri dalbadal filmləşdi. İnanılmaz görünsə də deyim ki, Haqqardın romanları əsasında nə az, nə çox, düz 32 film çəkilib.

Və qəhrəmanların ekran həyatı bu dəfə tamaşaçıların sevimlisinə çevrildi. Bu da onun adının dünyada bir daha populyarlaşmasına səbəb oldu.

Dediyim kimi, fantaziya janrının əsasını qoyan ser Henri Rayder Haqqard həm şəxsi həyatı, həm də romanları ilə səyahətçilərə, dünyanın yeni-yeni yerlərini fəth edən, öyrənən insanlara inanılmaz stimul vermişdi.

Həyatının sonunadək yazmaq həvəsini tükətməyən Henri Haqqard elə sağlığındaykən adını dünya ədəbiyyatı tarixinə yazdı.

Və maraqlıdır, erkən gənclik dövrlərində məcburən tərk etdiyi İngiltərəyə dönərək məşhurlaşmağı bacaran Henri sevdiyi qonşu qızını - Lilini ömrü boyu unutmadı...

Ser Henri Rayder Haqqard Cənubi Afrikadan İngiltərəyə qayıdandan sonra uzun müddət paytaxtda - Londonda yaşadı. Və elə ömrünü bu şəhərdə də başa vurdu.

Böyük yazıçı 1925-ci ildə, 14 mayda - 68 yaşında izini qoyduğu bu dünyadan əbədiyyətə köçdü.

Və onu xoşbəxt yazarlardan hesab etmək olar ki, öləndən sonra da əsərləri çap edildi, oxundu, sevildi. Çox yəqin ki, bu hələ bundan sonra da beləcə davam edəcək...

Həmçinin oxu
Xanım Adıvar
Tənhalıqda olan yazıçı