Son 14 ildə neft hasilatı 6 dəfə artıb

Rövnəq Abdullayev

Azərbaycanın təsdiq olunmuş neft-qaz ehtiyatları 4.2 mlrd. ton, proqnoz resursları isə 10 mlrd. ton şərti yanacaq həcmindədir.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının internet-saytına müsahibəsində bildirib.

«Əsrin Müqaviləsi» çərçivəsində ilk neftin hasil olunduğu 1997-ci ildən sonrakı dövrdə ölkə üzrə neft hasilatı sürətli templərlə inkişaf edib, təxminən 5.6 dəfə artaraq, 9 mln. tondan 2010-cu ildə 50.7 mln. tona çatdırılıb. Ötən il hasil edilmiş neftin 8.4 mln. tonu Dövlət Neft Şirkətinin payına düşüb. Cari ilin yanvar-avqust aylarında isə ölkədə neft hasilatı 31.7 mln. ton təşkil edib ki, bunun da 5.6 mln. tonu ARDNŞ tərəfindən hasil olunub» - deyə R.Abdullayev qeyd edib.

QAZ HASİLATI 30 MLRD. KUBMETRƏ ÇATACAQ

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2.5 trln. kubmetrdən artıq səviyyədə qiymətləndirilir.

ARDNŞ başçısı deyib ki, perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 mln. tona, qaz hasilatının isə 30 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulur:

«Avropanın enerji istehlakının 2020-ci ilədək 70%-nin, 2030-cu ilədək isə 85%-dək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda bu, xüsusən böyük əhəmiyyət kəsb edir».