Astarada xəstələri də hərbi xidmətə aparırlar?

Əzim Kərimov
Astara rayonu Seləkəran kənd sakini Əzim Kərimov rayon hərbi komissarlığından şikayətçidir. Deyir ki, oğlunu xəstə-xəstə hərbi xidmətə aparıblar:

«Hərbi xidmətə yola düşməmişdən əvvəl 3-4 ay müalicə alıb Astara xəstəxanasında. Müalicəni tam şəkildə yerinə yetirmədən çağırış vərəqəsi verdilər. Mən də valideyn kimi onu yola saldım. Özüm apardım. Oradan da Naxçıvana, hərbi xidmətə yola düşüb».

Bir aydan sonra hərbi hissədən ona zəng edərək, oğlunun xəstə olduğunu deyiblər. Əzim Kərimov yaxınlarından pul borc edib, oğlunun xidmət etdiyi hərbi hissəyə gedib:

OĞLUNUN ARDINCA NAXÇIVANA...

«Biləsuvardan İran vasitəsilə getmişəm Naxçıvana, ordan hərbi hissəyə getdim. Uşağımı tapdım. Hələ onu hərbi xidmətə apararkən dedim uşağımı yoxlayın. Dedilər ki, uşağın sağlamdır. Dedim ki, xəstəlik kağızını verin sizə sübut edim ki, uşağım xəstədir. Dedilər ki, yox bilə-bilə bizə yalan deyirsən».

Əzim Kərimov uşağını çox çətinliklə Naxçıvandan gətirdiyini söyləyir. Astara Hərbi Komissarlığından ona deyiblər ki, oğlu Kənan Kərimov Naxçıvandan geri qaytarılsa da, yenidən orduya göndəriləcək. İndi belə çıxır ki, ikinci dəfə də onun göz yaşlarına baxan yoxdur:

«KOMİSSAR DEYİR Kİ, FƏRARI YAZARAM GEDƏR...»

«Mən cənab prezidentdən, cənab nazirdən xahiş edirəm ki, mənim uşağımı xəstə halda hərbiyə aparmasınlar. Komissar deyir ki, mənim vecimə deyil. İstəyirsən apar, istəmirsən aparma. Mən də fərari yazaram gedər.
Kənan Kərimov
Yoxsulluq bir tərəfdən, ağır vəziyyət bir tərəfdən. Həftədə 10 manat qazandım, qazanmadım. Balalarımın çörəkpulu, düşmüşəm küçələrə».

«HƏRBİ XİDMƏTƏ MÜVƏQQƏTİ YARARSIZDIR»

Naxçıvanda yerləşən N saylı hərbi hissədən Astara rayon Hərbi Komissarlığına göndərilən məktubda Kənan Kərimov haqqında deyilir: «Hərbi xidmətə müvəqqəti yararsızdır, müayinə və müalicə olunmalıdır, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir».

Kənan Kərimov bu müddət ərzində müalicə olunmadığını deyir. Bunu imkanlarının olmaması ilə izah edir. Lakin müxtəlif tibbi komissiyalardan keçdiyini söyləyir. Bu yaxınlarda Bakıda yerləşən 4 saylı şəhər klinik xəstəxanasında olduğunu deyən Kənan Kərimov ona verilən arayışda hərbiyə yararsız olduğunun qeyd edildiyini bildirir.

«BİZİ SÜRÜNDÜRÜR»

«Bakıya getmişəm, yoxlanmışam. Hərbi komissar göndərib də məni. Getmişəm orda da yoxlayıblar. «Yararsız» yazıblar. Kağızları gəlib veririk komissara, deyir ki, belədir də. Bizi süründürür burda».

Əzim Kərimovun deməsinə görə, bu müddətdə oğlunun qolu da sınıb. O deyir ki, oğlunun belə vəziyyətdə hərbiyə çağırılmasına etiraz etmir. Lakin buna görə hərbi komissarlıqdan arayış istəyir:

«APARIRSA, MƏNƏ ARAYIŞ VERSİN Kİ, OĞLUM SAĞLAMDIR»

«Aparırsa, mənə arayış versin ki, oğlum sağlamdır. Komissar deyir ki, söz verirəm ki, köməklik edəcəyəm. Onun əli əyri bitişib, tam bitişməyib».

HƏKİM RƏYİ...

Astara rayon Hərbi Komissarlığı
Astara Mərkəzi Xəstəxanasının həkimi Cahangir Məmmədov Kənan Kərimovun müalicəsi ilə məşğul olduğunu bildirdi. Həkim Kənan Kərimovun qolunun sındığını da təsdiq edir. Üstəlik deyir ki, onu bu vəziyyətdə hərbiyə çağırmaq düz deyil. Cahangir Məmmədov qeyd edir ki, Kənan Kərimov üstəlik xroniki laringitdir.

ASTARA RAYON HƏRBİ KOMİSSARLIĞINDAN NƏ DEYİRLƏR?

Astara rayon Hərbi Komissarlığından əvvəlcə bizə məlumat verməkdən imtina etsələr də, sonra adlarının çəkilməməsi şərti ilə suallarımızı cavablandırmağa razı oldular. Hərbi komissarlıqdan bildirdilər ki, Kənan Kərimovda olan xəstəliklər onu hərbi xidmətdən azad etməyə əsas vermir. Qolunu isə son aylarda sındırıb. Bunun üçün o, Travmatologiya İnstitutuna getməlidir.

Üstəlik, hərbi komissarlıqda qeyd etdilər ki, Kənan Kərimov sürücü olmaq üçün komissarlığa müraciət etdiyi ərizədə sağlam olduğunu göstərib.

Astara Hərbi Komissarlığın nəzdində yaradılan tibbi komissiyanın həkimi İxtiyar Məmmədov isə deyir ki, bütün məsələlər oktyabrın 4-də həllini tapacaq.

Kənan Kərimov isə deyir ki, hərbi hissədə onun xəstə olmasını ilk gündən biliblər:

«MÜALİCƏ ALMAQ ÜÇÜN RUSİYAYA GEDİRƏM, ƏMİMİN YANINA»

«Gedən gündən bildilər xəstəyəm. Dedilər ki, səni hansı hərbi komissarlıq göndərib? Dedim Astara. Dedilər, get Astaraya səflərini düzəltsinlər. İndi özümü yaxşı hiss eləmirəm. Rusiyaya gedirəm, əmimin yanına, müalicə almaq üçün. Burda imkan yoxdur. Pasport götürə bilmirəm. Komissar hərbi bileti vermir. Astarada, Bakıda tibbi komissiyadan keçmişəm. Hamısından keçmişəm, hamısında da «yararsız» yazılıb. Ancaq məni süründürürlər burda. Bilmirəm komissar dəqiq nə demək istəyir?».