Azərbaycanlı türkoloq Beynəlxalq Babur mükafatı aldı

Ramiz Əskər

Özbəkistandan tanınmış türkoloq alim Ramiz Əskərə xoş xəbər gəlib. O, özbəklərin Beynəlxalq Babur mükafatına layiq görülüb. Xəbəri eşidən kimi Ramiz bəyə telefon açdıq. Onunla söhbətimizi həm mükafat barədə oldu, həm də bəzi mətləblər üzə çıxdı. Söhbəti həm oxuya, həm də dinləyə bilərsiniz.

--Ramiz bəy, təzə xəbəri bizimlə bölüşərsinizmi?

--Var, elə bir xəbər var. Mən Özbəkistanda Babur adına Beynəlxalq mükafata layiq görüldüm. Sentyabrın 8-də mükafatı mənə təqdim etdilər. Getdim Əndicana, mükafatı aldım və geri döndüm.

BABUR KİMDİR?

--Ramiz bəy, lütfən, Baburu dinləyicilərimizə bir də tanıdın.

--Bir neçə ay əvvəl mən AzadlıqRadiosunda Zəhirəddin Məhəmməd Babur haqqında danışmışam. Babur özbək, türk və dünya tarixinin ən parlaq simalarından biridir. O, çox böyük dövlət xadimidir. Hindistanda 1526-1858-ci illər arasında 332 il hökm sürmüş Baburilər sülaləsinin banisidir. Görkəmli şairdir, nasirdir, ədəbiyyatşünasdır, tərcüməçidir. Onun iki divanı var. Birinin adı «Kabil» divanıdır, o biri «Hind» divanı. Bu iki divanda təxminən 600 qəzəl, qitə, məsnəvi, mətlə, rübai, tuyuğ və başqa janrlarda şeirləri var. Bir neçə risaləsi var. Nəhayət, türk islam ədəbiyyatı tarixində memuar janrında yazılmış ilk əsər olan «Baburnamə»nin müəllifidir. Mən Baburun iki kitabını tərcümə eləmişəm. İlin əvvəlində «Seçilmiş əsərləri»—ora Baburun iki divanı daxildir və may ayında «Baburnamə» çapdan buraxıldı. Bax, bu iki kitaba görə mənə Babur adına Beynəlxalq mükafat verildi.

KİTABLARI PREZİDENTƏ GÖNDƏRDİM

--Özbəklər necə xəbər tutdular kitabın çıxmasından?

--Mən kitabları poçtla prezident İslam Kərimova göndərdim. Prezident də dövlət müşaviri Xeyrəddin Sultanovu –bu şəxs özü də Baburşünasdır—göndərir Əndicana. Bir məktub da yazır ki, Bakıdan göndərilən bu kitabı mən də öz növbəmdə Babur muzeyinə hədiyyə edirəm. Orada da toplantı olur, kitabın təqdimatı keçirilir. Sonra mənə telefon açdılar. Dedilər, burada simpozium keçirilir, siz də gəlin, Babur adına Beynəlxalq mükafata layiq görülmüsünüz. Beləcə, simpoziumun gedişində məni mükafatlandırdılar.

--Mükafat nədən ibarətdir?

--Bu qızıl suyuna çəkilmiş döş nişanından ibarətdir. Bizim ordenlərə bənzəyir. Bir də, qılıq içərisində, köhnə hökmdarların fərmanlarına bənzər, bürmələnmiş təqdimatdır—nəyə görə bu mükafata layiq görüldüyüm yazılıb—özbəkcə və ingiliscə.

Babur ovda
--Ramiz bəy, bəs mükafatın maddi tərəfi yoxdurmu?

--Hə, var. 1000 dollar da pul mükafatı verdilər. Nəhayət ki, biz də pullu mükafat aldıq...(Gülüşmə).

QASIM AMANJOLOV XATİRƏ MEDALI ALDIM

--Təbrik edirik! Yəqin ki, araşdırmalarınız bununla bitməyəcək?

--Yox. Qazaxların bir şairi var—Qasım Amanjolov—onu qazaxların Səməd Vurğunu saymaq olar—1911-ci ildə doğulub, 1955-də dünyasını dəyişib. Bu il 100 illiyidir. Mən onun şeirlərini, o cümlədən Nizamiyə, Azərbaycan gözəlinə həsr etdiyi şeirini tərcümə etdim. Şair haqqında məruzə yazdım və «Ədəbiyyat» qəzetində bir səhifə yazı ilə çıxış etdim. Buna görə də, Qazaxıstan hökuməti məni Qasım Amanjolov xatirə medalı ilə təltif etdi. Bu yaxınlarda da üç kitabım çıxdı. İkisi tərcümədir. Türkmən ədibi Abdulla Şahbəndənin «Seçilmiş əsərləri»dir—şeirlərini və dastanlarını vermişəm. İkinci kitab isə «Türkmən müəmmaları, deyişmələri və vücudnamələri» adlanır. Üçüncüsü «Türk xalqları ədəbiyyatı oçerkləri» adlı araşdırma kitabıdır. Kitabda Səlcuqlu dövrünün ədəbiyyatı, Sultan Hüseyn Baykara, Mehri Xatun, Babur, Məhəmməd Əndəlib, Məhtumqulu, Molla Nəfəs, Abdulla Tukay, Məcid Qafuri və başqalarının həyat və yaradıcılığı haqqında oçerklər verilib.

QARŞIDA MONQOLUSTAN SƏFƏRİ, CİBDƏ PUL YOX!

--İndi nə ilə məşğulsunuz?

-- İndi bir məsələ ilə məşğulam. Bu yay monqolların gizli tarixini tərcümə etmişəm. Əsər hazırdır. Çingiz xanın həyatından bəhs edir. 771 il əvvəl qələmə alınıb. Kitabda çoxlu şəxs, xalq, boy adları var, coğrafi yerlər, terminlər var. İmlası aydın deyil. Məsələn, biz «çağatay» deyirik. Onlar «çağaday» yazır. Ögedey bilirik, onlar «oqoday» yazır. Əlimdə kitabın almanca, rusca, türkcə tərcüməsi var. Yəni orfoqrafiya oturmayıb. Amma mən bilirəm ki, «g» varsa, «Ögedey» olmalıdır-yumşaq, incə səslilər olmalıdır. «Çağatay»da isə qalın səslilər. Vaşinqtonda olanda, oradakı Monqolustan səfirliyinə gedib soruşdum ki, bu sözlər necə yazılır? Dedilər bu tarixi bir şeydir, çünki monqollar həm uyğur əlifbasından istifadə ediblər, həm Tibet, həm də Çin. Burada «a» və «ə», «o» və «ö», «u» və «ü» yazıda fərqləndirilmir. Şifahi tələffüzdə deyilir. Bunu bilmək üçün siz gərək Monqolustana gedəsiniz. Mən də viza aldım. Amma məlum oldu ki, Monqolustana getmək çox bahadır. Amerikaya getməkdən də bahadır. Bakı-Moskva-Ulan Bator 2 min dollara başa gəlir... İndi görüm, pul tapa bilsəm—vizam da ayın axırına qədərdir—gedib bunları dəqiqləşdirəcəm. Monqolustanda Akademiyanın Dil və Tarix İnstitutunda mənə kömək edəcəklər. Bir də Orxon-Yenisey abidələrinin Orxon qismi bütünlüklə oradadır. Ora bəzi şair yazıçılarımızın ayağı dəyib, ancaq Azərbaycan aliminin ayağı dəyməyib. İstəyirəm Toni-Kuku, Bilgə xaqanı, Gültəkini ziyarət edim, baş çəkim, şəkillərini çəkim, burada bir sərgi açaq və s... Pul tapa bilsəm. bunları gerçəkləşdirmək istəyirəm. Tapa bilməsəm...

--Təəssüf! Kaş tapa biləsiniz—deməkdən başqa əlimdən heç nə gəlmir...Neft və milyonlar səltənətində...

--..2 min dollar axtaran alim... Hə?

--Hə!

-- Kimə deyəsən? Dövlətə ayıbdır müraciət etmək, həm də cavabı gec çıxır. Görək, indi dost-tanışla neyləyirik?...

--Uğurlar!