«Sədərək» və «Binə»də narazılıqlar nə ilə bağlıdır?

«Sədərək» Ticarət Mərkəzi

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki «Sədərək» və «Binə» ticarət mərkəzlərində işləyən sahibkarlar icarə qiymətlərinin bahalığından, onlara yaradılan süni maneələrdən narazılıq edirlər.

Biz «Sədərək» Ticarət Mərkəzində olanda sahibkarlar bildirdilər ki, bir neçə gün əvvəl rəhbərlikdən icarə haqlarının qaldırılması ilə bağlı şifahi xəbərdarlıq alıblar. İndiyə qədər icarəyə götürdükləri yerin hər kvadratmetrinə 10 manat ödəyən sahibkarlardan indi hər kvadratmetrə daha 2 manat artıq ödəniş tələb edilir. Bu xəbərdarlıqdan sonra bir qrup sahibkar ticarət mərkəzində etiraz aksiyası keçirməyə cəhd edib.

MƏCBURİ ÖDƏNİŞLƏR

«Sədərək» Ticarət Mərkəzində adlarının və səslərinin yazılmasına razı olmayan sahibkarlar deyir ki, problemləri təkcə yer pulunun artırılması ilə bitmir. Hər dükana məcburi qaydada 55 manata yanğınsöndürmə balonları, 6 manata plastik plomblar verilib. Bundan başqa, sahibkarlar ticarət mərkəzində elektrik sayğaclarının da onların vəsaiti hesabına qurulduğunu və hər sayğaca görə onlardan 200 manat alındığını deyirlər. Üstəlik, elektrik enerjisinin pulunu da onlardan şişirdilmiş qiymətlərlə yığırlar. Belə ki, Tarif Şurasının müəyyən etdiyi 6 qəpik əvəzinə onlardan 1 kilovat elektrik enerjisinə görə 10 qəpik pul alınır.

Ticarət Mərkəzində yaxınlaşdığımız sahibkarların əksəriyyəti problemlərin olduğunu desə də, «bizi işə salmayın» deyib onlardan uzaqlaşmamızı xahiş edirdilər. Sahibkarların deməsinə görə, onlar hər şeyi danışsalar, yeganə iş yerlərini itirə bilərlər.

TİCARƏT MƏRKƏZİ BİR MƏSƏLƏNİ TƏKZİB EDİR...

Sahibkarlar icarə haqlarının qaldırılması ilə bağlı şifahi xəbərdarlıq alıblar
«Sədərək» Ticarət Mərkəzinin hüquqşünası Azər İbrahimov şişirdilmiş qiymətlərlə sahibkarlardan enerji pulu yığılmasını təkzib etsə də, digər məsələlərin ikitərəfli müqavilələrdə öz əksini tapdığını deyir. Hüquqşünas bildirir ki, icarə haqlarının qaldırılmasından tutmuş, sayğacların quraşdırılmasına qədər bütün məsələlər sahibkarlarla ticarət mərkəzi arasında bağlanan müqavilədə qeyd olunub. Həmin icarə müqavilələrinə əsasən, bazar və inflyasiya nəzərə alınaraq mütəmadi icarə qiymətlərinə yenidən baxıla bilər. Bu səbəbdən də Azər İbrahimov hesab edir ki, icarə haqqının qaldırılmasında qanunsuz hər hansı bir hal yoxdur. Hüquqşünas həm də icarə qiymətlərinin artırılmasının bütün yarmarkaya deyil, alverin daha yaxşı getdiyi dükanlara şamil edildiyini deyir:

«Ticarət Mərkəzi fəaliyyətə başlayanda, sahibkarlara güzəştlər tətbiq olundu, onlara deyildi ki, 1 ildən sonra icarə qiymətlərinə yenidən baxıla bilər. Çünki bugünkü qiymətlər ovaxtkı bazar qiymətlərinə uyğun deyil. Bazar 2009-cu ilin aprelində fəaliyyətə başlayıb. Bu müddət ərzində heç bir qiymət artımı olmayıb. Sahibkarlarla şifahi razılaşma olduğu üçün bu gün icarə qiymətlərinə yenidən baxılır. Bu da hamıya aid deyil. Burda mağazanın yerləşdiyi yerin önəmi əsas götürülür».

Hüquqşünas sahibkarların etiraz aksiyası keçirməsini təkzib edir. Amma deyir ki, yaxınlarda rəhbərlik icarə haqlarının artımından narazı olan 10-15 sahibkarı qəbul edib və məsələ öz həllini tapıb.

İcarə qiymətləri qaldırılsa da, alıcılar hələ ki Ticarət Mərkəzində malların bahalaşmasını müşahidə etmədiklərini
Ticarət Mərkəzində mallar hələ ki, bahalaşmayıb
dedilər.

«Sədərək» Ticarət Mərkəzindən Salyan rayonundakı mağazasına mütəmadi uşaq paltarları və məişət avadanlıqları alan Südabə Əmirova deyir ki, qiymətlərdə hələlik ciddi fərq yoxdur. Amma o deyir ki, icarə haqqı artımı davam edərsə, bu, malların qiymətinə təsirsiz qalmayacaq.

Sahibkar Əfqan Məmmədov deyir ki, icarə haqqının 2 manat artırılmasına baxmayaraq, onlar satdıqları malların qiymətini qaldırmaq fikrində deyillər. Onun fikrincə, alverlərinin yaxşı getmədiyi bir vaxtda azacıq qiymət artımı müştərilərin itirilməsinə gətirib çıxara bilər.

LAMPA SAYINA GÖRƏ ENERJİ PULU

«Sədərək»dən fərqli olaraq «Binə» Ticarət Mərkəzində yaxınlaşdığımız bütün sahibkarlar çoxsaylı problemlərdən gileyləndilər. Dükanlarında elektrik sayğacları quraşdırılmayan sahibkarlar deyirlər ki, enerji pulu dükanlardakı lampa sayı ilə hesablanır. Sahibkar Aqil Quliyev:

«Kondisioner işlətdin-işlətmədin 40 manat. Hər lampaya görə ayda 3 manat işıqpulu alınır. Bir dükanda 10 lampa varsa, 30 manat pul verməlisən. Lampaları yandırdın-yandırmadın pul ödənməlidir. Hansı ki, sayğac qoyulsa, heç 20 manat işıqpulu eləməz. İndi hava soyuqdur, biz kondisioner yandırmırıq, amma nə fayda, divarda quraşdırılıbsa, ayda 40 manat verməliyik».

Sahibkarların başqa bir gileyi icarə haqlarının baha olması ilə bağlıdır:

«Binə» Ticarət Mərkəzi
«Problem çoxdur. 1-ci mərtəbədə öz yerindirsə, ayda 900 manat, ikinci mərtəbədədirsə, 1050 manat icarə haqqı ödəməlisən. Başqasından icarəyə götürmüsənsə, onda qiymətlər 1500 manatdan 5000 manata qədər qalxır».

ÖZ MAĞAZASI OLAN 2 MİN SAHİBKAR NİYƏ BAŞQA MAĞAZANI İCARƏYƏ GÖTÜRÜB?

«Binə» Ticarət Mərkəzində sahibkarları ən çox narahat edən bir məsələ də öz mağazaları ola-ola başqa yerdən dükan götürməyə məcbur edilmələridir. Deyirlər vaxtı ilə onlardan hər mağazaya görə 20-25 min manat pul alıblar, amma indi həmin mağazaların hamısı fəaliyyətsizdir.

Sahibkarların deməsinə görə, böyük ticarət mərkəzinin yalnız Bakı-Ələt yoluna yaxın 7 cərgəsində normal alver gedir. Odur ki, arxa cərgələrdəki mağazaların sahibləri öz mağazalarını bağlayıb alverin daha yaxşı getdiyi cərgələrdən icarəyə mağazalar götürürlər.

Sahibkar Emil Fərəcov:

«Bizim arxa cərgələrdə 2 dükanımız var, 50 min manata yaxın pul vermişik onlara. Arxa cərgədə bizim kimi 2 min adamın dükanı var, heç birində də alver yoxdur. 2 min adamı vurun o qədər mağazaya, görün nə qədər pul alınıb, amma heç kim o mağazaları işlədə bilmir. Kim də gedib mağazasının pulun istəsə, onu mərkəzdən çıxarırlar ki, sizə verməyə pulumuz yoxdur».

Sahibkarların deməsinə görə, vaxtilə xeyli pul xərcləyib aldıqları mağazalar onların mülkiyyəti kimi tanınmır.

Ancaq «Binə» Ticarət Mərkəzinin rəhbərliyindən narazılıqlara heç cür münasibət öyrənə bilmədik. Ticarət mərkəzinin hüquqşünası isə sahibkarların qaldırdığı məsələlərlə bağlı suallarımıza cavab vermək səlahiyyətində olmadığını dedi.