Ukraynada qadınlar pasportsuz qalıb

Müsəlman xanımlar bu sənədə həsrət qalıb

Müsəlman təşkilatları məhkəməyə müraciət etməyə hazırlaşır

Ukraynada yaşayan müsəlman qadınlar pasport ala bilmir. Səbəb yerli qanunların baş örtüyü ilə pasport şəkli çəkdirməsinə imkan verməməsidir.

Ukrayna Konstitusiyası dini etiqad azadlığına zəmanət verir. Yerli qanunlar dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqlarını tanıyır. Lakin qanunverici normalara görə, qadınların başları bağlı halda sənəd şəkil çəkdirməsi qadağan olunur.

Ukraynanın "İnsaf" ictimai təşkilatı müsəlman qadınların hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməyi planlaşdırır. Artıq bir neçə xanım bu məsələ ilə əlaqədar iddia ərizəsi yazmağa razılıq verib.

Qeyd edək ki, baş örtüyü ilə pasport şəkli çəkdirməklə bağlı problemlər Azərbaycanda da yaşanır. Hələ də hicablı xanımlar şəxsiyyət vəsiqəsi ala bilmir.

Həmçinin, ABŞ, Rusiya, İspaniya, Qazaxıstan, Almaniya və digər ölkələrdə də bu problemlərlə əlaqədar məhkəmə prosesləri baş tutub.